Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb.
 
APA-nın şimal bürosuna verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 27-ci kilometrliyində yerləşən ümumu uzunluğu 60.2, eni isə 10 metr olan Qudyalçayın üzərindəki qəzalı körpü 40 il öncə salınıb. Bir neçə dəfə qəzalı vəziyyətə düşən nəqliyyat ötürücüsünün yük götürməsi nəqliyyat vasitələrinin müasir inkişafı ilə bağlı statik və dinamik yüklənməyə cavab vermir.
 
Xaçmaz Yol İstismar İdarəsinin rəis müavini Sadiq İsmayılovun sözlərinə görə, körpünün qəzalı vəziyyətə düşməsinin əsas səbəblərindən biri də çay yataqlarının daş karxanaları tərəfindən istismarıdır: “Çay yatağının dəyişməsi nəticəsində körpünün yeraltı dayaqları üzə çıxıb. Bu isə körpüdə qəzalı vəziyyətinin yaranmasına gətirib çıxarıb”.
 
S. İsmayılov bildirib ki, çaylarda suyun artması daha ciddi problemlərə səbəb ola bilər.
 
Rəis müavinin sözlərinə görə,  Xaçmaz rayonunda respublika əhəmiyyətli avtomobil yollarının üzərində yerləşən 9 körpüdən yalnız Vəlvələçayın üzərindəki körpü  yük qabiliyyətinə görə müasir tələblərə cavab verib. 

Google+ WhatsApp ok.ru