Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə məlumatlara aydınlıq gətirildi

Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə məlumatlara aydınlıq gətirildi

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:
 
“Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir".
 
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycanda seysmoloji durum fon səviyyəsində olub.
 
Onun sözlərinə görə, bu, baş verən təkanların hamısının zəif hiss olunması deməkdir:
 
“Yəni 3 bal, 3 baldan bir az artıq hiss edilən təkanlar olub ki, biz də onları fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələ gözlənilsin. İndiyədək aparılan tədqiqatlar da bunu göstərir. Əminliklə deyə bilərəm ki, yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın".
 
 

Google+ WhatsApp ok.ru