Bakıda “Qədir-Xum” bayramı münasibətilə “din və vəhdət” mövzusunda tədbir keçirilib

Ötən gün  BMM-də “Qədir-Xum” günü münasibətilə “din və vəhdət” mövzusunda tədbir keçirilib.
 
İslaminsesi.org saytının verdiyi xəbərə görə, tədbirə  ictimai-siyasi qurumların rəhbərləri,  elm-təhsil işçiləri,  KİV  nümayəndələri və möminə xanımlar dəvət olunmuşdu.
 
AİP Qadınlar Şurasının təşəbbüsü ilə təşkil olunan toplantını giriş sözü ilə açan təşkilat sədri Növrəstə İbrahimova Eydullah-ul-Əkbər (Allahın böyük bayramı) münasibətilə bütün iştirakçıları  təbrik etdi.
 
O, Qədir-Xum hadisəsinə toxunaraq, bu günün tarixdə çox mühüm əhəmiyyət daşımasından söhbət açdı. Növrəstə xanım günümüzdə müsəlmanların vəhdətini ən vacib amil kimi önə çəkərək, vicdan məhbuslarına qarşı həbs və təzyiqləri məhz bu birliyin zəifliyi kimi dəyərləndirdi. O, həmçinin, qadınları da etiraz aksiyalarında fəal iştirak etməyə və günahsız həbs olunanların, haqsız yerə təzyiqlərə məruz qalanların müdafiəsinə səslədi.
 
“Nərgiz” qadınlar cəmiyyətinin sədri Səidə Səmədova vəhdətin əldə olunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək, cəmiyyətdəki bir çox problemlərin bu məsələdən qaynaqlandığını dedi. Qadınların cəmiyyətdə rolunun artırılması, hicab probleminin birdəfəlik həll olunmaması, ailə-qadın problemlərinin son zamanlar daha çox kəskinləşməsindən danışan natiq, çıxışının sonunda bir daha ölkədəki dini kəsim arasında vəhdətin olmamasının ən ağrılı problemimiz olduğunu diqqətə çatdırdı.
 
Söz Xədicə xanıma verildi. O, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək , bütün qadınları xanım Zəhradan dərs almağa çağırdı.
 
Rəsul Amanzadə xanımları təbrik edərək, bu bayrama həsr etdiyi Əli(ə) haqda şerini söylədi.
 
Qlobal TV-nin aparıcısı Məleykə xanım Qədir gününü haqqın beyət günü adlandırdı. O, vəhdətin başlıca hədəf olduğunu bildirdi.
 
Seyid Xədicə xanımların cəmiyyətdəki vəzifələrinə toxunaraq, əxlaq normalarının qorunmasının əsas şərtlərdən biri olduğunu qeyd etdi:
 
“Allahın mömin bəndəliyinə yalnız paklanan insan çata bilər. İnsan nəfsani hisslərdən təmizlənəndən sonra mərifət əhli olur.”
 
Orta məktəbdə müəllim işləyən Aynur Abbasova Əli (ə)-ın İslam tarixində möhtəşəm iz qoyduğunu deyərək,  öz dərslərini Nizami, Füzuli, Nəsimi kimi dahilərin Əhli Beyt(ə) haqda fikirləri ilə başladığını, Əli (ə) kimi bir şəxsiyyətə aid olan hər günün müsəlmanlar üçün bayram olduğunu dilə gətirdi./

Google+ WhatsApp ok.ru