Bakıda iki uşaq anası doğuşdan sonra öldü

Əməliyyatla körpəsini dünyaya gətirən qadının infeksiyaya yoluxduğu bildirilir.
Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb. Xəstənin yaxınlarının ANS-ə verdiyi məlumata görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə 3 saylı şəhər xəstəxanasına aparılıb. Xəstənin əmisi Etibar Xanəlıyevin iddiasına görə, həkimlər heç bir müayinə aparmadan xəstəni qeysəriyə əməliyyatı ediblər. Uşaq sağlam doğulsa da, ananın ağ ciyərlərində problem yaranıb. İki gün komada qalan Elnurə Xanəliyeva gecə saatlarında vəfat edib. 


“Bizi qoymadılar uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir.” – deyə mərhumun əmisi Etibar Xanəliyev bildirir. 

 
Xəstəxanadan isə bildirdilər ki, həkimlər bütün lazimi müdaxiləni ediblər. Lakin qadın infeksiyaya yoluxduğundan onu həyatda saxlamaq mümkün olmayıb. 
 



Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova faktın araşdırılacağını, yalnız bundan sonra nazirlik tərəfindən məsələyə aydınlıq gətiriləcyini bildirdi. 

 
Elnurə Xanəliyeva iki uşaq anası olub və əvvəlki övladlarını təbii doğuşla dünyaya gətirib.
 



Analoji hadisə ötən həftə, fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində də baş verib. Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb.

 
Ötən il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub. Ötən ilin 7 ayı ərzində 8 qadın doğuş zamanı ölüb./
 

Google+ WhatsApp ok.ru