Bakıda məcburi köçkünlər yolu bağladılar VİDEO

Bakıda məcburi köçkünlər yolu bağladılar VİDEO

Noyabrın 14-də Xətai rayonu, Gəncə prospekti 20A ünvanında yerləşən binanın sakinləri Gəncə prospektini bağlayıbar.
 
Aksiyaçılar deyirlər ki, 2 ildən çoxdur rəsmi qurumlara müraciət edirlər, amma qəzalı vəziyyətdə olan bina ilə əlaqəli heç bir tədbir görülmür.
 
Meydan TV-yə müsahibə verən bina sakinləri deyiblər: " Bina qəzalı vəziyyətdədir, evdə otura bilmirik. Panellər aralanıb. Bina başımıza çökəcək".
 
Günün sonu olduğundan Fövqəladə Hallar Nazirliyindən və Xətai rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
 
 
Məsələyə Xətai rayon İcra Hakimiyyəti münasibət bildirib. İcra başçısının müavini Zaməddin Əkbərov “Qafqazinfo”ya açıqlamasında etirazda təxminən 60-70 nəfər sakinin iştirak etdiyini bildirib:
 
“Etirazçılar yolu bağlamağa cəhd ediblər. Biz dərhal hadisə yerində olduq, onlarla söhbət etdik, lazımı izahatı verdik. Bildirmək istəyirəm ki, hələ 1994-cü ildə binanın tikintisini aparan şirkət özbaşına olaraq texnikasını yığışdıraraq ordan çıxıb və binanın tikintisini saxlayıb. Bununla da tikinti yarımçıq qalıb. O vaxt bina qəzalı vəziyyətə düşüb. Aidiyyatı orqanların qərarı ilə binanın sökülməsi qərarlaşdırılıb - 7 mərtəbə sökülüb, 9 mərtəbə isə saxlanılıb”.
 
Zaməddin Əkbərov qeyd edib ki, mütamadi olaraq bu binayla bağlı tədbirlər görülür:
 
“Bina doğrudan da qəzalıdır. Biz hər il olduğu kimi, cari ildə də 4 dəfə aidiyyatı orqanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etmişik. Nazirlər Kabinetinin tapşırığı ilə “Qaçqınkom”un işçi qrupu komissiya şəklində binada yaşayanların uçotunu aparıb. Qeydiyyat keçirilib, onların hansı rayondan olmaqları dəqiqləşdirilib”.
 
 

 

Google+ WhatsApp ok.ru