Bakıda ünvanlar dəyişdirilir

Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87 518 yeni giriş ünvanları, 551 küçə və prospekti üzrə 250 452 yeni daxili, 239 987 köhnə daxili ünvanlar, Sumqayıt şəhərinin 166 küçə və prospekti üzrə 21 620 yeni giriş ünvanları, 55 911 yeni daxili ünvanlar, 54 490 köhnə ünvanlar ünvan reyestrinin aparılmasını təmin edən İnformasiya Sisteminə (ÜRİS) daxil edilib.
 
Bu sözləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2014-cü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib.
 
Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.
 
Onun sözlərinə görə, hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir:
 
“Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb. 2015-ci ilin sonunda ÜRİS artıq ölkə üzrə tam fəaliyyətə başlayacaq”.
 
Xatırladaq ki, ünvan reyestrinin aparılmasını təmin edən İnformasiya Sistemi (ÜRİS) ötən ilin mart ayından istifadəyə verilib.
 
Qeyd edək ki, Komitə tərəfindən bu işlər Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq aparılıb.

Google+ WhatsApp ok.ru