Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb  - FOTO/VIDEO- YENİLƏNİB

Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - FOTO/VIDEO- YENİLƏNİB

3 nəfər xəstəxanaya yerləşdirilib
 
Bu da xəbər verilir ki, yanğında xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.
 
Onlardan 2 nəfərin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.
 
Həmin şəxslərin tüstüdən zəhərləndiyi qeyd edilir.
 
***
 
Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
 
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.
 
***
 
Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.
 
"Report"a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.
 
"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək" - deyə G.Mehdiyeva bildirib.
 
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.
 
Hələ yanğının qarşısını almaq mümkün olmayıb.
 
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".

Google+ WhatsApp ok.ru