Bakıda yolların problemi və ayrılan vəsaitin miqdarı- AÇIQLAMA

Birinci Avropa Oyunları ərəfəsində Bakının mərkəzi küçələrində əsaslı təmir işləri aparıldı. Lakin paytaxtın “ikinci dərəcəli” yollarında vəziyyət yenə bərbad olaraq qalıb. 
 
Məsələ ilə bağlı sürücülərdən də çox saylı şikayətlər var. 
 
Bakıda ikinci dərəcəli yolların təmiri nə üçün aparılmır?
 
Paytaxtda yolların vəziyyəti barəsində nəqliyyat üzrə ekspert Ərşad Hüseynov danışıb. O bildirib ki, tıxacların yaranmasının səbəblərindən biri daxili küçələrin təmirinə olan diqqətsizlikdir:
 
“Bakıda nəqliyyat probleminin kökündə duran ən ciddi məsələ “ikinci dərəcəli” yolların təmir olunmamasıdır. Dünyanın heç bir şəhərində  küçə və prospektləri hissələrə bölmürlər. Bütün küçələr nəqliyyat prosesinə cəlb olunmalı və istifadə edilməlidir. Daxili yolların bərbad şəraitli olması, nəqliyyat yükünü  digər küçələrin üzərinə keçirir ki, bu da tıxac probleminin əsasını qoyur. Paytaxtda 1000-ə yaxın küçə və prospekt var. Onlardan isə təxminən 100-ü təmirli və işləkdir. Yerdə qalanları isə məcburən “istirahət” edir. Şəhərin İcra Hakimiyyəti, Azəryolservis əsasən magistral yolların təmiri ilə məşğul olurlar. Ancaq “ikinci dərəcəli” küçələr kənarda qalıb. Dünyaya nəzər salsaq görərik ki,  məsələn, Tokio küçələri yaponların konsepsiyasına görə, riyaziyyat dəftəri kimi olmalıdır. Yəni, bütün küçələrdə eyni dərəcədə hərəkət olmalıdır.  Bakıda şəhərin qərbi ilə şərqini birləşdirən 4 küçə var. Dünyanın heç bir ölkəsində bu cür hal mövcud deyil ki, bütün yüklər cəmi 4 küçənin üzərinə atılsın. Buna görə də bütün yollar təmir edilməlidir”.
 
Söylənilən iradlarla bağlı Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli danışıb. A.Nəcəflinin sözlərinə görə, Bakıda yolların  təmir işləri mütəmadi olaraq davam etdirilir:
 
“Ölkə başçısının tapşırığına əsasən Azəryolservis tərəfindən nəqliyyat vasitələrinin rahat və  maneəsiz şəkildə hərəkətini təmin etmək üçün, küçə və prospektlərdə kompleks tədbirlər həyata keçirilir. Bu həm daxili, həm də magistral yollara aiddir. Artıq təmirə ehtiyacı olan küçələrin siyahısı tərtib olunub. Siyahıya uyğun olaraq,  təmir-tikinti işləri həyata keçirilir. Bunlara misal olaraq  Şəfayət Mehdiyev, Yasalam rayon Bəxtiyar Vahabzadə, Əhməd Cəmil, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov, Sabunçu rayonunda Rüstəm Rüstəmov küçələrini göstərmək olar. Hansı ki, sadaladıqlarım mərkəzi küçələr deyil və siyahı çox uzundur. Hətta sovet dönəmində  belə baxılmayan olunmayan küçələrimiz var ki, onların təmir işləri həyata keçirilir. Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsini buna misal göstərmək olar”.
 
A.Nəcəfli musavat.coma-a açıqlamasında bu il "Avtomobil yolları" məqsədli büdcə fonduna ayrılan vəsaitin miqdarını da söyləyib:
 
“Hər il  bu fonda müəyyən limit üzrə müxtəlif mənbələrdən vəsait daxil olur. Hansı ki, bu vəsait Bakı şəhərinin və respublika yollarının saxlanılması üçün sərf olunur. Bu il fonda 290 milyon manatın daxil olması nəzərdə tutulub. Vəsait daxil olduqca təmir işləri həyata keçirilir”. 

Google+ WhatsApp ok.ru