Bakıda zəhərli uşaq dərmanı, nazirliyin ört-basdır oyunu – Foto

Mənşəyi məlum olmayan, keyfiyyətsiz və saxta olduğu şübhəsi yaradan dərman satışı ilə bağlı Axar.az-ın araşdırması davam edir. Ancaq hansısa səbəbdən (ənənəvi olaraq burada da ekspertlərin özəl “səbəbini” təxmin etmək çətin deyil) Səhiyyə Nazirliyinin müvafiq qurumu dərmanın tərkibinin yoxlanılması ilə bağlı sorğumuzu qeyri-qanuni olaraq gecikdirir və yalnız yalan vədlərlə məsələni uzadır.


Səhiyyə Nazirliyinin Respublika Sanitar-Karantin Müfəttişliyi niyə dərmanın tərkibini açıqlamır? Onun nə marağı var?


Bu barədə aşağıda nəticə hasil edə biləcəksiniz…


Eyni dərman, fərqli qiymətə satılır 


Yada salaq: dekabr ayında həkimin məsləhəti və resepti ilə Zabrat qəsəbəsində Babək küçəsi 28-də yerləşən aptekdən balıq yağı tərkibli “Krilom” adlı dərman aldıq. Səhərisi gün dərmanı ölçü qaşığına tökəndə tam həll olmadığını gördük. Bundan əvvəl isə dərmanın qablaşdırılmasında fərqlər üzə çıxdı. Belə ki, əvvəl digər aptekdən aldığımız eyniadlı dərmanın qabı və içərisindəki dərmanın dadı rəngi tam fərqli idi. Elə qiymətləri də. 
Portağal dadlı “Krilom” 20 manata satıldığı halda, hələlik mənşəyi məlum olmayan ikinci variantın qiyməti 14 manat 50 qəpik idi. Bu da təbii olaraq dərmanın saxta olduğu qənaətini yaradırdı.


Məsələyə aydınlıq gətirən dərmanı istehsal edən “Vefa İlac” şirkətinin baş meneceri Aytekin Paşa bu halı qəti şəkildə inkar etdi. Bildirdi ki, şirkətə aid olan zavodda keyfiyyətsiz və sertifikatı olmayan dərmanın istehsalı mümkün deyil. 


Saxta “Krilom”u kim istehsal edir və satışa necə çıxır? 


“Krilom” balıq yağının ölkəmizdə satışını həyata keçirən “Paşa K” əczaçılıq şirkətinin baş məsləhətçi Söhrab Abbasov da Axar.az-a açıqlamasında adıçəkilən dərman növünü tanımadığını bildirdi: 


“Krilom” siropunun iki növü - manqolu və portağallı formaları var. Onların satışını ancaq bizim şirkət həyata keçirir. Sizin aldığınız üçüncü növ qutumu mən görməmişəm. Onun üzərində və içində nə olduğu barədə məlumatım yoxdur. Əlimdəki iki növ barədə dəqiq danışa bilirəm. Ancaq siz dediyiniz barədə araşdırıb məlumat verəcəm”.


“Paşa K” şirkətinin 20 ilə yaxındır fəaliyyət göstərdiyini deyən S.Abbasov fırıldaqçılardan sığortalanmadıqlarını qeyd etdi və naticəni - nə qədər məntiqsiz də görünsə - apteklərdəki saxlanma şəraiti ilə bağlamağa cəhd göstərdi:  


“Sizin qaldırdığınız məsələdə apteklərdəki şəraitin standartlara cavab verib-verməməsi sual doğurur”. 
Maraqlıdır, apteklərdə pis saxlanılan və buna görə də tərkibi dəyişən dərman həm də ucuz satılır? Ümumiyyətlə, bu “üçüncü növü” kim istehsal edir? Şirkət bu faktı niyə soyuqqanlı qarşılayır və buna qarşı mübarizə aparmır? Necə olur ki, imicini düşünən saxta olduğunu bildirdiyi “üçüncü növlə” bağlı müraciət etdiyimiz ekspertlərlə tez-tələsik görüşür və müfttişlik nəticələri açıqlanmaq əvəzinə gizlətməyə başlayır?


“Nəticələri” sirr olan analizlər


Əvvəlki yazıda qeyd etdiyimiz kimi, sözügedən dərmanın tərkibini araşdırmaq üçün Səhiyyə Nazirliyinin Respublika Sanitar-Karantin Müfəttişliyinə müraciət etdik. Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bir həftə ərzində nəticə barədə bizə məlumat verəcəklərini bildirdi. 


Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də analizin nəticələri açıqlanmayıb. Məlumat almaq üçün bir necə dəfə T.Vəliyevə etdiyimiz müraciətlərə eyni cavabı aldıq: 


“Nəticələr hazırdır. İndi əməkdaşlarımıza deyərəm, sizə cavab verərlər”.


Lakin əməkdaşlar dərhal buxarlanır və bu günədək həmin analizin “nəticələri” üzə çıxarılmır.


Bu, dərmanların keyfiyyəti və satışına nəzarətin hansı səviyyədə olmasını qiymətləndirmək üçün kifayətdir. Respublika Sanitar-Karantin Müfəttişliyinin bu susqunluğu problemi bir qədər də dərinləşdirir. /

 

Google+ WhatsApp ok.ru