Bakı metrosundakı qorxunc hadisəyə rəsmi reaksiya... - VİDEO

Yanvarın 13-də axşam saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında olduqca təhlükəli insident yaşanıb.
 
Belə ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürüklənib. 
 
Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib. 
 
Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.
 
Qeyd edək ki, qəribə də olsa, hadisəni izləyən “Yeni Müsavat”ın əməkdaşları - Xalidə Gərayeva və Cavanşir Abbaslı Metropoliten polisi tərəfindən müvəqqəti olaraq, saxlanılıblar. Polislər təxminən 15-20 dəqiqə ərzində "Yeni Müsavat"ın əməkdaşların baş verən bu hadisə ilə bağlı aparılan videogörüntüləri almağa çalışıblar.
 
Ancaq daha sonra sərbəst buraxılan əməkdaşlarımız bu xoşagəlməz hadisənin videogörüntülərini xilas edə biliblər. 
 
Metronun “Neftçilər” stansiyasında baş verən bu xoşagəlməz hadisə ilə bağlı xəbərin musavat.com-da yerləşdirilməsindən bir qədər sonra "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev redaksiyamıza zəng edərək, bu olayla əlaqədar bəzi önəmli məqamları dəqiqləşdirmək məqsədilə açıqlama verib. 
 
Nəsimi Paşayev öz açıqlamasında hadisənin təfərrüatları barədə danışaraq, bildirib ki, ona daxil olan məlumata əsasən, olay saat 17:32-də baş verib: "Həmin hadisə zamanı, relslərin üzərinə düşən uşaq olmayıb. Bizə metro əməkdaşlarının verdiyi məlumatda 1985-ci il təvəllüdlü Sevinc Əliyevanın relslərin üzərinə düşdüyü bildirilib. Belə ki, axşam saat 17:32 radələrində 5 saylı qatar metronun “Neftçilər” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində hərəkət edərkən, adıçəkilən xanım müvazinətini itirərək, relslərin üzərinə yıxılıb. Bu hadisə zamanı relslərin üzərinə yıxılan həmin xanım - Sevinc Əliyeva heç bir xəsarət almayıb”.
 
 
Aşağıda həmin videogörüntüləri diqqətinizə çatdırırıq. /
 

Google+ WhatsApp ok.ru