Bakı metrosunda problem: sərnişinlər 11 dəqiqə tuneldə qaldılar

Bu gün Bakı Metrostansiyasında problem yaşanıb.
 
Gün.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, metronun “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətinə gedən qatar tuneldə düz 11 dəqiqə dayanıb.
 
Səhər saat 09:12 radələrində qatar “Ulduz” stansiyasından yola düşsə də, “Nərimanov”a  09:23-də çatıb.
 
Bu müddət ərzində maşinist sərnişinlərin panikaya düşməməsi üçün iki dəfə “hörmətli sərnişinlər, narahat olmayın. Bir-iki dəqiqəyə yola düşürük” – deyə, elan edib.
 
Əməkdaşımızın sözlərinə görə, “Nərimanov”dan əks istiqamətə qatarların hərəkətinin səsini eşitsələr də, onların içərisində olduqları qatar 11 dəqiqə yerindən tərpənməyib.
 
Yaranan problemlə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev əlaqə saxladıq.
 
O, bildirdi ki, “Həzi Aslanov”- “Dərnəgül” stansiyaları istiqamətində 42 saylı marşrutda problem yaranıb:
“Qatarda nasazlıq yaranmışdı, buna görə də arxadakı qatarlar onu gözləmək məcburiyyətində idi. Artıq xətt düzəlib, problem tam aradan qalxıb. Qatarların hərəkətində heç bir problem yoxdur”./

Google+ WhatsApp ok.ru