Bakı Metrosunun problemləri

`Bakı Metropoliteni vaxtı ilə elə tikilib ki, orada kondisionerli vaqonlardan istifadə etmək mümkün deyil`

Ötən gün Bakı Metropolitendəki mövcud problemlərlə bağlı şəhər sakinlərindən biri “Azərbaycan” qəzetinə şikayət məktubu ünvanlamışdı. Həmin şikayət barədə açıqlama almaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS-ə açıqlamasında bildirib ki, əslində vətəndaş həmin məktubda Bakı Metropoliteninin fəaliyyətini pisləməyib. 
 
“Vətəndaş məktubunun əvvəlində metroda gedən islahatlar, yenilikləri xatırladıq. O, metroda uzun illər problemlər yaradan ticarət mərkəzlərinin yığışdırılmasını təqdirəlayiq hesab olunduğunu vurğulayıb. Sonra isə metroda mövcud problemləri yazıb. Bu problemləri sərnişin olaraq görüb və yazıb. Bu vətəndaşın hüququdur”, - deyə Nəsimi Paşayev bildirilib.
 
Nəsimi Paşayev onu da xatırladıb ki, qatarların intervalı yay qrafikinə keçib. Yalnız PİK saatlarında qatarlar 1,5 və 2 dəqiqə intervalında işləyir. Günün digər saatlarında isə qatarların intervalı 4 və 6 dəqiqə olur.
 
Bakı Metropoliten rəsmisinin sözlərinə görə, bəzən qatarların intervalında uzun fasilə olması texniki nasazlıq yox, sərnişinlərin vaqonlaırn qapılarının saxlaması ucbatından baş verir. Bəzən qatarı 5-10 saniyə saxlamaq qatarın intervalında böyük problemlər yaradır. Hətta qatar 6-8 dəqiqə də gecikə bilir.
 
Vaqonlara kondisionerlərin quraşdırılmasına gəlincə, bu məsələ hələlik aktual deyil. Nəsimi Paşayev bildirib ki, əvvəllər kondisionerli vaqonlar yoxlanmaq üçün gətirilmişdi. Lakin həmin vaqonlar Sovet dövründə tikilən stansiyalarına uyğun olmadığı üçün işləməyib.
 
“Bakı Metropoliteni vaxtı ilə elə tikilib ki, orada kondisionerli vaqonlardan istifadə etmək mümkün deyil. İstifadəyə veriləcək yeni stansiyalarda isə bu problem nəzərə alınacaq. Metroda ventilyasiya və havalandırma sistemi yüksək səviyyədə qurulub”, - deyə Nəsimi Paşayev vurğulayıb.

Google+ WhatsApp ok.ru