Bakının qarlı günü - FOTO

Ötən sutka ərzində Azərbaycan yollarında baş verən qəzalarda 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, ötən sutka ərzində ölkə yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Ölümlə nəticələnən yol qəzası Suraxanı rayonu ərazisində baş verib: "Ölkə ərazisndə hava şəraitinin qarlı və şaxtalı olması səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Hazırda küçə və prospektlərin, həmçinin magistral yolların qardan təmizlənməsi işləri aparılır. Nəqliyyatın hərəkəti bərpa olunub".

İki nəfər yıxılıb, xəsarət alıb

"Yanvarın 25-i səhərdən bu gün səhərə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1 800 çağırış qeydə alınıb. Səhər saatlarında isə sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib. Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar".

Bunu açıqlamasında stansiyanın baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, bu müddət ərzində bütün çağırışlar icra olunub: "Bütün köməkçi stansiyalar yüksək keçiricilik qabiliyyəti olan nəqliyyat vasitəsi ilə təmin olunub. Çağırışlar idarə olunur. Yıxılaraq xəsarət alanlar barədə hələlik dəqiq məlumatım yoxdur. Çünki hələ onlar rentgendən keçiriləcək. Onları Elmi-Tədqiqat İnstitutuna aparan həkim briqadaları hələ geri dönməyib".

Qar yağması ilə əlaqədar Dəmir Yolları İdarəsi də gücləndirilmiş iş rejiminə keçib.

Şirkətdən "Report"a bildirilib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni, rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

"Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır", - deyə "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.
Şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur.

Küçələrdə hərəkət çətinləşib

Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Buz bağlamış yollara qum və duz səpilmədiyindən, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Həmçinin bir neçə avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Nobel prospektində isə zəncirvari yol qəzası qeydə alınıb. APA-nın məlumatına görə, prospektdə “Mitsubishi”, "Toyota-Prado", “VAZ - 2107” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Qəzaya yolların buz bağlaması səbəb olub.

Google+ WhatsApp ok.ru