`Baku Bus` avtobuslarından şikayət: 20 qəpik əvəzinə 40 qəpik?

“Səhər karta 2 manat pul yükləmişəm, ancaq bir gedişə 40 qəpik çıxılıb. İlk dəfə deyil ki, bu problemlə rastlaşıram. Əvvəl də bir neçə dəfə eyni hal baş verib”.
 
“Baku Bus”a məxsus 5 saylı avtobusda  bir xanım sərnişin ödəniş aparatından narazılıq edir. Hətta təklif edir ki, sürücü üzərində qəpik götürsün və sərnişinin itirdiyi məbləği ona ödəsin. Digər bir neçə sərnişin də ona dəstək verir. Bəlli olur ki, narazı xanım bu problemlə rastlaşan yeganə sərnişin deyil. Onlar iddia edirlər ki,  ödəniş sistemi 20 qəpik əvəzinə 40 qəpiklərini çıxıb.
 
Problemlə əlaqədar “Baku Bus”ın mətbuat katibi Nuridə Allahyarovaya müraciət etdik.
 
Onun sözlərinə görə, qeyd edilən problemlə bağlı indiyə kimi onlara vətəndaşlar tərəfindən hər hansı müraciət daxil olmayıb:
 
“Bizə bununla bağlı hələ ki, müraciət edilməyib, hansısa irad bildirilməyib. Bununla belə məsələni araşdırdıq. Məlum oldu ki, sərnişin avtobuslarında quraşdırılmış ödəmə qurğularında heç bir problem, nasazlıq yoxdur. Yəni texniki cəhətdən aparatlar tam qaydasında işləyir. Lakin ola bilsin ki, kart sisteminə yeni keçildiyindən hələ sərnişinlər bu məsələdə peşəkar deyillər.
 
Başqa sözlə, kartdan düzgün istifadə edə bilmirlər, onu iki dəfə aparata yaxınlaşdırırlar. Amma sərnişin elə düşünür ki, ondan ödəniş üçün məbləğ daha çox çıxılıb. Yəqin ki, bir müddət sonra sərnişinlər istifadə qaydasında yanlışlığa yol verməyəcəklər və belə narazılıqlar da olmayacaq”.(gün.az)

Google+ WhatsApp ok.ru