Bank sistemi `risk zonasında`

Bank sistemi `risk zonasında`

"Novoye Vremya" qəzetində dərc edilən "Risk zonasında" sərlövhəli məqalədə ölkənin bank sisteminin durumu müzakirə edilir.
 
Müəllif yazır ki, "Moody's" beynəlxalq agentliyinin Azərbaycan banklarının durumu ilə bağlı verdiyi bədbin proqnozlar reallaşır.
 
Yazıda xatırladılır ki, agentlik bu yaxınlarda Azərbaycandakı bəzi bankların acınacaqlı duruma düşə biləcəyi haqda xəbərdarlıq edib.
 
Müəllif vurğulayır ki, agentlik "Xalq Bank", "Bank Respublika", "Bank of Baku" və "Bank VTB-Azərbaijan"ın reytinqini aşağı salıb:
 
"Agentlik hesab edir ki, Azərbaycan banklarına təzyiq bundan sonra da davam edəcək. Bu isə kreditləşmənin gələcəyi, ziyan, bankların ehtiyatlarına olan böyük təzyiq və dollarlaşmanın yüksək səviyyəsi ilə bağlıdır".
 
Agentliyə görə, yaxın 12-18 ay ərzində adları çəkilən banklar əlavə kapital cəlb etməlidir. Əks halda, bankların indiki ehtiyatları kredit risklərini aradan qaldırmağa yetərli olmayacaq.
 
Yazıda vurğulanır ki, digər xırda banklarda vəziyyət daha acınacaqlı ola bilər.
 
Müəllifə görə, dollarlaşma bankların iflas olmasının yeganə səbəbi deyil. Daha bir səbəb problemli kreditlərdir. Yazıda vurğulanır ki, problemli kreditlər bəzi bankların, az qala, bütün kredit portfelinin yarısını əhatə edir.
 
Müəllifin fikrincə, belə şəraitdə səmərəli fəaliyyət göstərmək mümkün deyil. Problemli kreditlərin həcmi artır, vəziyyət get-gedə daha da pisləşə bilər.
 
Müəllif hesab edir ki, Azərbaycan neftin qiymətini izləməkdən əl çəkməli, iqtisadiyyatda gerçək islahatlar start verilməlidir. Əks halda, bankların bir-birinin ardınca sıradan çıxması davam edəcək. /

Google+ WhatsApp ok.ru