Bayramda rayonlara gedən sürücülər üçün

Novruz bayramı ilə əlaqədar rayonlara və istirahət üçün Gürcüstana avtomobillə gedənlər artır. Belə olan halda icbari sığortası olmayan avtomobil sahibləri istirahət müddətində xoşagəlməz halla qarşılaşa bilərlər. Belə ki, martın 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, icbari sığortasız avtomobilləri radarlar qeydə alacaq və avtomobil sahibi elektron formada cərimələnəcək. Sığortaçılar məsləhət görürlər ki, avtomobil sahibləri istirahətə gedərkən yola çıxmazdan əvvəl mütləq avtomobillərini sığortalasınlar.
 
“Qarant Sığorta Agentliyi”nin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, “sonra sığortalayaram”- deyib səfərinə laqeyd yanaşan sürücülər yolda əlavə xərcə düşə bilərlər. Belə ki, hazırkı yeniliyə əsasən icbari sığortasız avtomobilləri həm yol polisi avtomobilləri, həm də radarlar elektron qaydada cərimələyir.
 
R.Səmədov hesab edir ki, cəriməyə 50-300 manat artıq pul ödəməkdənsə, həmin məbləğə avtomobili icbari qaydada sığortalamaq olar. Belə olan halda sürücü sığortalı olduğu üçün avtomobili daha arxayın şəkildə idarə və baş verə biləcək qəza zamanı avtomobilə dəyən ziyanı kompensasiya edə bilər.

Google+ WhatsApp ok.ru