Biləsuvar gömrüyünün rəisi ilə bağlı ilginc iddialar

Samir Kazımov keçid məntəqəsində “qoçu dəstəsi” saxlayır; vətəndaşlardan müsadirə olunan ərzaqları Cəlilabadda satdırır; burada təhqir edilən qadın DGK sədri Aydın Əliyevdən kömək istəyir 
 
“Yeni Müsavat” qəzetinin 26 yanvar sayında Biləsuvar gömrük-keçid məntəqəsində Bakı şəhər sakini İlahə Ələkbərovanın zorakılığa məruz qalması, təhqir edilməsi ilə bağlı yazı dərc olunmuşdu. Qadın bildirmişdi ki, gömrük əməkdaşları ona əxlaqsız təkliflər ediblər, şərləməyə çalışıblar, təhqir ediblər. 
 
Başına gələnlərlə bağlı zərərçəkmiş Dövlət Gömrük Komitəsinə müraciət etmişdi. Komitədən işin araşdırılacağı, gömrük əməkdaşlarının məsuliyyətə cəlb olunacağı bildirilmişdi. Lakin hadisədən yarım ay sonra yenidən İrana gedən İlahə Ələkbərova Biləsuvar Gömrüyünün əməkdaşları tərəfindən növbəti zorakılığa məruz qalıb. Şikayət etdiyinə, baş verən hadisəni ictimailəşdirdiyinə görə o, alçaldılaraq təhqir edilib. 
 
Bu barədə İlahə Ələkbərovanın özü musavat.com-a məlumat verib: “İrana keçəndə mənə mane olmadılar. Qayıdanda növbə var idi. Növbə mənə çatanda, adi qaydada monitordan keçdim. Orada duran oğlan çantamın dağıdılacağını bildirdi. Buna etirazımı bildirdim. Dedim ki, başqa insanları niyə yoxlamırsınız, yalnız məni yoxlayırsız? Açıqca dedilər ki, ikinci dəfə sizi yoxlamaq tapşırığı verilib. Hətta rişxəndlə bildirdilər ki, birinci dəfə bizdən mətbuatda yazı verdirdin, rütbəmizi artırdılar. 
 
İkinci dəfə versən, vəzifəmizi artıracaqlar. Bu sözlərdən sonra anladım ki,  başıma gətirilənlərlə bağlı mətbuata xəbər verdiyimə görə növbəti dəfə belə hallarla üzləşirəm. Dedilər ki, bizdən nə qədər yazsan, şikayət etsən, işin ağırlaşır, hədə-qorxu gəldilər. Məni yoxlayan qız bildirdi ki, sizin yazınızı internetdən oxumuşam, heç bir qarışacağım yoxdur, əmr verilib, işimi görürəm. Qız etiraf etdi ki, məni yoxlamaq onun üçün təhqirdir. Yoxladılar, təmiz çıxdım. Akta yazıldı ki, üzərimdən heç nə tapılmayıb. Sanki mən cinayətkar imişəm, xəbərim yoxdur. Məni şantaj edirlər ki, guya narkotik istifadəçisiyəm. İrana da bu məqsədlə gedirəm”.
 
Şikayətçi gömrük əməkdaşlarına Dövlət Gömrük Komitəsinə müraciət edəcəyiti deyib: “Cavabları bu oldu ki, kimə istəyirsən şikayət et, arxamızda duranlar şikayət etdiklərindir. Bunlar özləri üçün qanun yaradıblar. Mənə hədə-qorxu gəlib, deyirlər ki, sənin hələ də bura gəlmək fikrin var? Qorxmursan? Bildirdim ki, heç nədən qorxmuram. Qan analizi verəcəm. Çünki onlar hər an məni ilişdirə bilərlər. Qan analizini Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə göndərəcəm. Qəzetiniz vasitəsilə Aydın müəllimə müraciət edib, kömək istəyirəm. Hər gün minlərlə vətəndaş mənim kimi təhqir olunur. Gömrük məntəqələrinin hamısında eyni vəziyyətdir. Xahiş edirəm ki, buna son qoyulsun. Komitəyə müraciət edəndə demişdilər ki, Aydın Əliyevə müraciət et. Fevralın 8-də üzləşdiklərim yanvarda olandan geri qalmırdı. Narkotik axtarmaq bəhanəsi ilə şəxsiyyətimizi  alçaldır, təhqir edirlər”.
 
Nəzərə çatdıraq ki, Biləsuvar gömrük-keçid məntəqəsindən redaksiyamıza davamlı olaraq şikayətlər daxil olur. Burada üzləşdiyi qanunsuzluqlarla bağlı redaksiyamıza məlumat verən adının gizli saxlanmasını istəyən şəxs deyib ki, Biləsuvar gömrüyündə insanların başına oyun açılması buranın rəisi Samir Kazımovun özfəaliyyətinin nəticəsidir: “Samir Kazımov məntəqədə xüsusi ”qoçu dəstəsi" saxlayır. Onların əsas işi məntəqədə süni basabas yaratmaq, qarışıqlıqda qalan insanlardan pul alıb növbəsiz keçirmək, etiraz edənləri isə döyməkdir". 
 
Mənbə iddia edir ki, bu məntəqədə “xüsusi təyinatlı” iki nəfər var, onların işi qarışıqlıqda, basabasda bir qədər imkanlı vətəndaşların üstünə, çantasına  narkotik qoymaqdır: “Adamların bundan xəbəri olmur, yoxlama zamanı isə deyirlər ki, üstündə narkotik var. Vətəndaş şoka düşür, ona dərhal təklif edilir ki, 500 dollar ver, məsələni ”həll edək". Bundan başqa, məntəqənin sədri burada qanunsuz olaraq vətəndaşlardan müsadirə edilən ərzaqları aparıb Cəlilabadda satdırır. Hər gün azı 5-6 min manatlıq ərzaq müsadirə edilir və Cəlilabada aparılır. Cəlilabadda şəhər icra nümayəndəsi Mirməmməd Kazımov Samir Kazımovun doğma qardaşıdır. Mirməmməd Kazımovun tapşırığı ilə Biləsuvarda qardaşı Samir Kazımovun müsadirə etdirib gətirdiyi mallar dükan-bazarlara paylanılır, satılır. Hansı mağaza, dükan həmin malları götürməsə, Mirməmməd Kazımovun qara siyahısına düşür. Ona görə də mağazalar həmin malları götürüb satırlar. Yeri gəlmişkən, Mirməmməd Kazımov qardaşına arxalanaraq Cəlilabadda insanların başına oyun gətirir. Adicə forma-2 almaq üçün şəhər sovetinə müraciət edən vətəndaşdan 40-50 manat rüşvət alınır".

Google+ WhatsApp ok.ru