Binəqədi-Biləcəri yolu müharibə zonasını xatırladır

İlk baxışda adama elə gəlir ki, müharibə zonasına düşmüsən. Ya da terroristlər ərazidə bir bomba partladıblar, hər şey pərən-pərən olub. Maşınlar bura çatanda sürəti 20-yə endirir, piyadalar az qala ayaq barmaqlarının ucunda yeriyirlər. Əraziyə girən maşının sahibi ordan çıxan kimi mütləq usta qapısını döyməli olur...
 
Bəli, söhbət Bakının Binəqədi rayonu ərazisində, Binəqədi-Biləcəri yolundan gedir. Daha öncə bir neçə dəfə redaksiyamıza bu yolla bağlı oxucu şikayəti gəldiyi üçün bunu yazıya çevirmişdik. Amma nəinki aylar, illərdir davam edən problemin həll olunmaması sakinlərin narazılığını daha da artırıb. “Yeni Müsavat”ın əməkdaşı sözügedən ərazidə olaraq həm mənzərəni müşahidə edib, həm də narazı sakinləri danışdırıb.
 
Öncə ondan başlayaq ki, DSK adlanan ərazidə yolun bərbad vəziyyətdə olması o istiqamətdə işləyən sərnişin avtobuslarının hərəkəti üçün böyük maneələr yaradır. Bundan ən çox sürücülər narazılıq edir. Bizimlə söhbətində sürücü Mahir Zeynalov dedi ki, burda yaşayır və hər gün bu yolu gedib-gəlmək məcburiyyətindədir. Bu səbəbdən də yolu tez-tez usta yanına düşür: “Çalalar çoxdur. Bir az diqqətsiz olan kimi maşın düşür çalaya. Altı alçaqdır mənim maşınımın. Həftə səkkiz -mən doqquz ustanın yanındayam. Məvacibimin yarısı ustaya gedir. Təkər dağılır, amortizator pis günə qalır. Maşının altı neçə dəfə dağılar axı?”
 
Müsahibimizin sözlərinə görə, asfalt örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı yerli icra haikimiyyətinə, bələdiyyəyə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciətlər ediblər. Amma heç bir qurumdan cavab verilməyib. Sürücülər deyir ki, dövlət başçısı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər üçün vəsait ayırsa da, bunun Binəqədi-Biləcəri yoluna heç bir aidiyyəti olmur: “Gözləyirlər ki, burda avtobuslar aşsın, camaat kütləvi şəkildə ölsün, ondan sonra bunlar yolları düzəltsinlər. Niyə başa düşmürlər ki, biz hər gün dəfələrlə ölüm təhlükəsi ilə üzləşirik”.
 
Daş bazarının yanındakı kafelərdən birində çalışan Arif Bəhmənov isə deyir ki, yol 2 ildən artıqdır bu vəziyyətdədir: “Qazırlar, daş tökürlər, amma bir müddət sonra yenə eyni vəziyyətdə olur. Bizə söz verilmişdi ki, ötən avqust ayında hər şəraiti ilə yol hazır olacaq. Noyabr bu gün-sabah qapını döyəcək, hanı yol? Təsəvvür edin ki, bir dəfə qazdılar, daş tökdülər. Sonra isə məlum oldu ki, bəzi xətlər çəkilmədiyi üçün işlər yenidən görülməlidir. Belə məsuliyyətsizlik olar?”
 
Sözügedən ərazidə yerləşən 314 saylı məktəbin şagird-valideynləri üçünsə vəziyyət daha acınacaqlıdır. Bizimlə söhbətində valideynlərdən olan Ləman Hacıyeva bildirdi ki, yağışlı günlərdə bu yolda, ümumiyyətlə, yerimək mümkün olmur: “Palçıqlı, gölməçəli yoldur. Avtobus az-az işləyir. İşləyənlər də basabas olur. Uşaq məktəbə gedənə qədər palçığa batıb-çıxır”.
 
Tələbələr üçün də vəziyyət acınacaqlıdır. Onlar da marşrut qıtlığı ucbatından əziyyət çəkənlərdəndir. Bizimlə söhbətində Bakı Dövlət Universitetinin tələbəsi olan Nemət Əliyev bildirdi ki, dərsə vaxtında çatmaq üçün səhər saat 7-dən yola düzəlir: “Mən hər gün 1 kilometrə qədər yolu piyada gedirəm. Yolda isə çalalar o qədər çoxdur ki, avtobus hər çalanın üstündən az qala 5 dəqiqəyə keçir. Nəticədə dərsə də gecikirik, əsəbimiz də gedir”.
 
Əhali ilə söhbətimizdən o da aydın oldu ki, yolların bu cür bərbad durumda olması ucbatından sözügedən ərazidəki iş yerləri də bağlanıb. Bura təmir sexləri və bəzi mağazalar aiddir. Maşın təmiri sexində çalışan Nəbi Məmmədov deyir ki, yollar bu vəziyyətə düşənə qədər onun daimi müştəriləri tez-tez yanına gəlirmiş: “İndi fikirləşirlər ki, o yolların üstündən keçib ustamın yanına getsəm, maşınım daha da dağılacaq, xərcim artacaq. Ona görə də başqa yerə gedirlər. Mağazaların çoxu bağlanıb, qalanlar isə icarə haqqını azaldıblar. Yuxarıda Yanğınsöndürmə İdarəsi tikilib, hazırdır. Bizi inandırdılar ki, bəs bu idarənin açılışına qədər yollar güzgü kimi olacaq. Amma hanı? İdarənin binası da hazırdır, amma yollar pis gündədir”.
 
Müsahiblərimiz deyir ki, çox vaxt Təcili Yardıma müraciət edəndə də ciddi əziyyət çəkirlər: “Təcili Yardım çox vaxt gəlməkdən imtina edir. Gələndə də elə vaxt gəlir ki, xəstə ölüm ayağına çatır. Onları da qınamırıq. Bura necə vaxtında gəlmək olar?” /
 

Google+ WhatsApp ok.ru