Birinci Qədr gecəsində kütləvilik olub

Maide.az-ın məlumatına görə, mübarək Ramazan ayının 19-cu gecəsinin əhya mərasimində Azərbaycan məscidlərində kütləvilik müşahidə olunub.

Maide.az-ın məlumatına görə, bu mənəvi mərasimlərdə çıxış edənlər ayələr və rəvayətlərə istinad edərək Qədr gecələrinin fəzilətlərini qeyd edib və həmçinin təqvalıların mövlası Həzrət Əlinin (ə) yüksək məqamını açıqlayıblar.

Möminlər 1-ci Qədr gecəsində başa Quran tutaraq və Quran-Kərim və məsumları şəfa üçün təvəssül edərək Allah-taala dərgahından günahların bağışlanması, İmam Zamanın (əc) sağlamlığı və zühurunun tezləşdirməsini diləyiblər.

Əhli-Beyt (ə) hüseyniyyəsində, Həkimə Xanım, Rəhimə Xanım, Mirmövsüm ağa ziyarətgahlarında yüzlərlə mömin 1-ci Qədr gecəsinin fəzilətli mərasimini keçiriblər.

Bundan əlavə, respublikasının digər şəhər və kəndlərində, o cümlədən Bakı, Gəncə, Lənkəran, Masallı, Göyçay, Sumqayıt, Astara, Biləsuvar, Cəlilabad və Qubada da möminlər məscidlərə toplaşaraq Allah-taala dərgahına raz-niyaz ediblər.

Möminlər  Əmirəlmöminin həzrət Əli (ə)  zərbətləndiyi gecədə o həzrətin matəmində göz yaşı tökməklə yanaşı münacatlar oxuyub  və Quran başlarına tutublar.  Coşən Kəbir, İftitah və Aşura ziyarəti kimi dualar oxuyublar. Bu mərasimlərdə çıxış edənlər də Qədr gecələrinin fəzilətlərini açıqlayaraq bu gecələri günahların bağışlanmasını diləmək üçün ən yaxşı fürsət adlandırıblar.

Sonda məscidə gələnlərə imsak verilib. Mərasim sübh namazının camaatla qılınması ilə başa çatıb.

Google+ WhatsApp ok.ru