Bölgə müxbiri polis tərəfindən döyüldüyünü deyir - FOTO

"Xalqxeber" saytının bölgə müxbiri İntiqam Türbəndəyev döyülüb. Eyni zamanda saytın baş redaktoru Peyman Sadıqov özünün Facebook səhifəsində bu barədə məlumat yayıb və döyüldüyü bildirilən jurnalistin şəkillərini yerləşdirib.
Hadisə barədə Meydan TV-yə məlumat verən İntiqam Türbəndəyev deyir ki, hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində, 107-ci palatada müalicə alır.
 
Baş verənlər barədə danışan İntiqam Türbəndəyevin sözlərinə görə, Bərdə rayonunda məskunlaşan məcburi köçkünlərə yeni evlər paylanır. Lakin mənzillərin məcburi köçkünlərə verilməsində bir sıra problemlər ortaya çıxıb: “İcra hakimiyyətinin başçısı Vidadi İsayev və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elman İsmayılovun mənzilləri məcburi köçkünlərə paylayarkən qanunsuzluqlara yol verməsi əhalini ayağa qalxmağa vadar edib. Məcburi köçkünlər artıq bir aydan yuxarıdır ki, davamlı olaraq etiraz aksiyası keçirirlər. Aksiyanın keçirilməsində isə səslənən şüar icra başçısının istefası və onlara veriləcək evlərin ədalətli şəkildə paylanmasıdır. Dünən də məcburi köçkünlər növbəti aksiya keçirmək qərarına gəldilər və icra hakimiyyətinə doğru yürüş başlandı. Özüm də Xocalı sakiniyəm və paylanan evlərdən mənə də düşür.
 
Lakin mən şikayətçilərin xahişi ilə aksiyanı işıqlandırmağa getmişdim.
 
Polis zorakılığı ilə qarşılanan məcburi köçkünlər yüksək səslə etiraz şüarlarını səsləndirməyə başladılar. Lakin icra hakimiyyəti tərəfindən əraziyə heç bir rəsmi şəxs gəlmədi ki, dərdlərini onlara danışsınlar. Aksiya iştirakçılarının ərazidən uzaqlaşmadığını görən Elman İsmayılov hadisə yerinə gəldi.
Elman İsmayılovun yalan vədlərindən təngə gəldiklərini bildirən məcburi köçkünlər onun ərazidən uzaqlaşmasını və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən başqa bir rəsmi şəxsin gəlməsini tələb etdilər. Etirazçıların bu tələbini görən Elman İsmayılov dərhal polisin köməkliyi ilə PPX maşınına mindi və ərazidən getdi. Aksiyaya polis müdaxilə edərkən böyük qarşıdurma yaranıb və nəticədə 5 nəfər saxlanıldı. Hətta qarşıdurma zamanı yaralananlar da oldu. Çəkiliş apardığımı görən polis əməkdaşları mənim üstümə düşdülər. Bərdə rayon Dövlət Yol Polisinin rəisi Cəmil adlı şəxs məni vurdu. Sonra polislər qolumdan tutub məni zorla maşına mindirdilər. Həmin vaxt Cəmil müəllim də məni təpikləyirdi. Məni adi polis maşınında da yox, məhbusları aparan dəmir barmaqlıqlı maşında apardılar. Hətta jrunalist vəsiqəm də maşına minərkən düşüb itdi”.
 
İntiqam Türbəndəyevin sözlərinə görə, 5 saata yaxın polis bölməsində saxlandıqdan sonra sərbəst buraxılıb: "Lakin bədən xəsarətlərim ağır olduğundan Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etdim və dərhal da travmatologiya şöbəsinə yerləşdirildim”.
 
İntiqam Türbəndəyev deyir ki, avqustun 16-da polis təhqiqatçısı ondan ifadə almaq üçün xəstəxanaya gəlib.
Bərdə rayon Polis Şöbəsindən Meydan TV-yə bildiriblər ki, faktla bağlı araşdırma aparılır, əlavə məlumat verə bilməzlər.
 
Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva isə Meydan TV-nin suallarını cavablandırarkən öncə İntiqam Türbəndəyevin jurnalist adlandırılmasına etiraz edib: “Kim əlinə qələm alıb yazırsa, jurnalistdi? Bunun bir məktəbi yoxdurmu? O adam idman müəllimidir, özü də bir az narahat adamdır. Polis adam döyən deyil, onu da döysün. İntiqam Türbəndəyevə heç nə olmayıb”.
 
“Bəs o zaman niyə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib” sualına baş həkim qısa araşdırma aparandan sonra belə cavab verib: “Qolunda kiçik xəsarət var. Xəstəxanada yatmadan da bunu müalicə etmək olardı. Həkimlərə dedim ki, nahaq belə yüngül xəsarətə görə adamı xəstəxanaya götürmüsüz. Həftənin birinci günü bütün müayinələrdən keçdikdən sonra evə buraxılacaq”.
 

 

 

Google+ WhatsApp ok.ru