BMT: Bu qurumun İraq üçün maliyyə çatışmazlığı faciəlidir

BMT-nin İraqdakı humanitar yardımların koordinasiya komitəsinin məsul şəxsi bildirib ki, bu ölkə vətəndaşlarına yardım əməliyyatını davam etdirmək üçün növbəti 6 ay ərzində ən azı 500 milyon dollarlıq təcili büdcəyə ehtiyac vardır.

Maide.az-ın məlumatına görə, Liza Qranda bildirib ki, dünyanın İraq vətəndaşlarına kömək üçün lazımi büdcəni təmin etmək istiqamətində səhlənkarlıq etdiyi halda, bu qurumun yardım əməliyyatı 50% azalacaq və bu ölkə xalqı üçün ağır insan faciəsi yaşanacaq. 

Qranda İraq uşaqlarına kömək və onların təhsil imkanlarının təmin olunması, eyni zamanda didərginlər arasında ərzaq, dərman preparatlarının paylanmasını İraqda gələcək nəsilləri qorumaq üçün əsas prioritet adlandırıb və bildirib ki, İraqın gələcək nəsillərinin qorunması onların ehtiyaclarının təmin olunması çərçivəsində baş tuta bilər. 

BMT rəsmisi İraqdakı hazırkı böhranı dünyanın ən mürəkkəb böhranlarından biri adlandırıb və proqnoz edib ki, hazırda bu qurumun təcili ərzaq və dərman yardımlarına ehtiyaclı olan iraqlıların sayı 8 milyondan 10 milyona artacaq. 

BMT-nin İraqdakı humanitar yardımların koordinasiya komitəsinin məsul şəxsi xatırladıb ki, İŞİD terror qruplaşmasının cinayətlərinin davam etməsi indiyə qədər 3 milyon iraqlının öz ev-eşiyindən qaçması və 3 mindən çox məkana səpələnməsinə səbəb olub.

Google+ WhatsApp ok.ru