Borc içində boğulan vətəndaş

Ölkədə sosial-iqtsadi vəziyyət getdikcə pisləşir. Hətta ölkə başçısı da etiraf edib ki, 2016-cı il çətin il olacaq. Amma hər dəfə belə bədbin proqnozların ardınca, ölkədə inkişaf getdiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını da deməkdən çəkinmirlər. Yəni, demək istəyirlər ki, dünyadakı böhran Azərbaycana təsir etsə də, ölkənin inkişaf sürəti dayanmayıb.
 
Təbii ki, artıq bu nağıllara heç kim inanmır. Çünki, insanlar böhranı həm öz həyatların da hiss edir, həm də rəsmi statistika hökumətin bütün təbliğatını sıfıra endirir.
 
Məsələn, uzun müddətdi rəsmi statistika deyir ki, ölkə əhalisinin 2.6 milyon nəfəri kredit borcu ödəyir. Yaxud, problemli kreditlərin 1 milyardı ötməsi də statistik məlumatdır. Bu da statistik məlumatdır ki, məhkəmə proseslərinin 90 faizi bank-müştəri çəkişmələridir. Daha bir statistika bundan ibarətdir ki, hər ay əhalinin borclanma səviyyəsi artır, vətəndaşın qazancının 76 faizi istehlak xərclərinə yönəlib, son 9 ayda ölkə vətəndaşı 1 milyard kredit faizi ödəyib və.s
 
Son məlumat isə bundan ibarətdir ki, 1 noyabr 2015-ci il tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcları 1 milyard 368 milyon manat təşkil edir. Bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında bəyan edib.
 
Nəzərə alaq ki, bu rəsmi məlumatlardı. Bu ölkədə lombarda girov qoyub borc götürən, sələmlə pul götürən, diplomunu, şəxsiyyət vəsiqəsini girov qoyan, iri marketlərin nisyə dəftərində külli borcu yaranan 10 minlərlə insan var.
 
Hətta sahibkarların 1.4 milyard vergi borcu olması kifayət edir ki, bu ölkədəki vəziyyətə qiymət verilsin. Əgər sahibkar borc içindədirsə, sadə vətəndaşın vəziyyətini təsəvvür etmək çətin deyil.
 
Bu statistik rəqəmlər bir daha təsdiq edir ki, ölkə vətəndaşı ağır şəraitdə yaşayır və yoxsulluq səviyyəsi getdikcə artır. Üstəlik, ixtisarlar davam edir, valyuta ehtiyatları azalır və iş adamları yaranmış vəziyyətə görə  hər hansı sahəyə investisiya yatırmaq istəmir.
 
Bəli, statistik rəqəmlər hökumətin təbliğatını alt-üst edir və ölkənin uzun illərdən sonra fəlakət vəziyyətinə salındığını təsdiqləyir.
 
Bir sözlə, ölkə vətəndaşı borc içində boğulur. Vətəndaşı fəlakətdən çıxarmağa borclu olanlar isə, üstəlik dövləti 25 milyardlıq xarici borca sürükləyib. 100 milyardlarla neft pulunun gəldiyi ölkədə, milyonların boğazından borc ipi asılıb.azadliq /

Google+ WhatsApp ok.ru