Bosniya rəsmiləri Lavrovla görüşdən imtina etdilər

Bosniya rəsmiləri Lavrovla görüşdən imtina etdilər

Bosniya-Herseqovinanın üçtərəfli prezidentliyinin müsəlman və xorvat üzvləri dekabrın 15-də bu ölkədə səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina ediblər.
 
 Səbəb Lavrovun 1990-cı illərdə Bosniya müharibəsinə son qoymuş sülh razılaşması haqda dedikləridir.
 
Şefik Cafaroviç və Zeljko Komsiç birgə bəyanatda deyirlər ki, Lavrovun dekabrın 14-də dedikləri Bosniyanın rəsmi mövqeyinə ziddir və bu səbəbdən belə bir qərara gəliblər.
 
 Lavrov dünən başlanmış səfərinin sonunda üçtərəfli prezidentliyin hər üç üzvü ilə görüşməliydi. Dekabrın 14-də 1992-1995-ci illər Bosniya müharibəsinə son qoymuş Deyton sazişinin ildönümüydü.
 
Cafaroviç və Komsiç jurnalistlərə deyiblər ki, Lavrovun fikirləri “Deyton sazişinin bütün əlavələrinə sayqı ifadə eləmir, bu sazişə ölkənin institutları və simvollarına hörmət daxildir”.
 
Lavrov dekabrın 14-də Sarayevoda üçtərəfli prezidentliyin serb üzvü Milorad Dodiklə ayrıca mətbuat konfransından sonra deyib ki, saziş heç cür dəyişdirilə bilməz.
 
Bəzi Qərb diplomatları və Bosniya siyasətçilərinin fikrincə, Bosniyanın islahatlar həyata keçirməsindən ötrü razılaşmaya dəyişiklik olunmalıdır. Ancaq Dodik dəfələrlə deyib ki, Deyton strukturuna hər hansı dəyişiklik Serb Respublikasının Bosniyadan ayrılmasına səbəb olar.
 
Sülh sazişi Bosniyada serblər, xorvatlar və müsəlmanlar arasında müharibəyə son qoydu. Müharibədə 100 minədək insan öldürülüb, 2 milyondan çox şəxs evindən didərgin düşüb.
 
ABŞ-ın Ohayo ştatının Deyton şəhəri yaxınlığında ABŞ hava bazasına əldə olunmuş sazişdə mürəkkəb və parçalanmış bir dövlət strukturu qurulmaqla Bosniyadakı etnik bölgü də rəsmiləşdi./azadliq.org/ 

Google+ WhatsApp ok.ru