«Budəfəki seçki əvvəlkilərdən daha pis oldu…»

«Freedom House» Azərbaycandakı parlament seçkilərinin bərbad şəraitdə keçirildiyini bəyan etdi

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda budəfəki parlament seçkilərinin əvvəlkilərlə müqayisədə daha ağır şəraitdə, müstəqil və müxalifyönlü namizədlər üçün çox çətin şərtlər altında keçirildirini bəyan edib. Təşkilatın saytında bu barədə geniş həcmli məqalə yaymlanıb. Məqalənin tərcüməsini təqdim edirik:
 
***
 
Azərbaycan müasir tarixində ən pis seçkilərindən birini keçirdi. Azərbaycan hökuməti isə tələb edir ki, Qərbdəki partnyorları Avrasiyanın ən sərt diktaturalarından birini olduğu kimi qəbul eləsin.
 
Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçirildi. On il əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə nə telekanallarda seçkiöncəsi debatlar keçirildi, nə kütləvi seçki mitinqləri oldu, nə dəyirmi masalar təşkil edildi. Cəmiyyətin seçkiyə qətiyyən marağı yox idi.
 
Səsverməni izləmək üçün beynəlxalq müşahidəçilər sarıdan da çatışmazlıq yaşandı. Hələ sentyabr ayında ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu bəyan etmişdi ki, Azərbaycan hokumətinin müşahidəçilərin sayını azaltmaq tələbinə görə ümumiyyətlə, bu seçkini izləməkdən imtina edir.
 
Digər təşkilat – Avropa Şurası isə qurumun Venesiya Komissiyasının Azərbaycanda seçki keçirilməsinə dair hüquqi baza ilə bağlı çoxsaylı  çatışmazlıqlardan dolayı ciddi narahatlığına baxmayaraq, oktyabrın əvvəlində məhdud sayda müşahidəçilərdən ibarət missiya göndərməyə qərar verdi.
 
Son 12 ildə Azərbaycan hökuməti seçki qanunvericiliyinə 200-dən artıq dəyişiklik edib. Son dəyişikliklərdən biri seçki kampaniyasının müddətinin kəskin azaldılması oldu – 4 aydan 22 günə salındı. Həmçinin namizədlərin seçicilərlə görüş keçirəcəyi, vətəndaşların sərbəst toplaşma hüququnu reallaşdıra biləcəyi yerlərin sayı azaldıldı.
 
Seçkiöncəsi ciddi çatışmazlıqlardan biri də bir sıra müstəqil media orqanlarının hakimiyyətin təqib və qəzyiqlərinə məruz qalması oldu. Hakimiyyətin nəzatində olan çoxsaylı media orqanları isə seçki mövzusuna çox az yer ayırdı. Əvvəlki seçki kampaniyaları zamanı Ictimai Televiziyada namizədlərin debatları olurdu. Bu il isə pulsuz efir verilmədi. Pullu efirin qiyməti isə həddindən artıq baha oldu – bir saniyə üçün 47 dollar.
 
Müxalifət partiyalarının əksəriyyəti bu seçkidə iştirakdan imtina etdi. Müxalifətə qarşı maneələrlə bağlı çoxsaylı qanun pozuntuları barədə məlumatlar yayılırdı. Məsələn, müxalifətin könüllülərinin oğurlanması, namizədlərin qeydiyyatına maneələrin yaradılması, potensial seçicilərə təzyiqlər və s.
 
Hazırda Azərbaycanda vətəndaş cəmiyyətinin 80-dən artıq fəalı, o cümlədən dini qrupların, müxalifət hərəkatlarının təmsilçiləri, hüquq müdafiəçiləri müxtəlif saxta ittihamlarla həbsdədir. Fəalların bir qismi də təqiblərə görə ya ölkəni tərk etmək məcburiyyətində qalıb, ya da fəaliyyətini dayandırıb.
 
Hazırda Azərbaycan dünyada azad olmayan ölkələr qrupuna daxil edilib. Bu ölkədə mətbuat da azad deyil. Yalnız internet qismən azaddır.
 
Amerika siyasətçiləri ərəb ölkələri və Mərkəzi Asiyadakı diktaturalara münasibətdə olduğu kimi, Azərbaycanda da insan haqlarının kobul şəkildə pozulmasına görə bu hökumətlə münasibətləri pozmaq istəmirlər. Onlar təhlükəsizlik, enerci sahəsində ikitərəfli münasibətləri və digər iqtisadi maraqlarını zərbə altında qoymaqdan ehtiyatlanır. Azərbaycan rəhbərliyi də Konqressdə özünə dəstək qazana bilib.
 
Birləşmiş Ştatlar Azərbaycanda insan haqları sahəsində pozuntulara reaksiya verəndə adətən bu, bir-birini təkrarlayan, şablon bəyanatlardan ibarət olur: “Vaşinqton baş vermiş hadisədən dərin narahatlıq keçirir və demokratik prinsiplərə əməl olunması Azərbaycanın özünün də marağındadır”.
 
Prezident Əliyev dəfələrlə Azərbaycanda siyasi məhbusların mövcudluğunu inkar edib. Onun ən əsas köməkçilərindən Ramiz Mehdiyev isə son bir ildə yazdığı bir neçə məqalədə ABŞ-I Azərbaycanda inqilab hazırlamaqda ittiham edib. Bəyan edib ki, Qərbin “marioneti” olmayacaq. azadliq /

Google+ WhatsApp ok.ru