Bu gün Eldəniz Quliyevin məhkəməsidir

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Müraciətində bu ilin 20 aprel tarixində 63 yaşının tamam olduğuna diqqət çəkən ziyalı, məhkəmədən ölkə qanunvericiliyinə uyğun olaraq 480 saatlıq ictimai işlər cəzasını ortadan qaldırmağı xahiş edib.
E.Quliyevin müraciəti üzrə məhkəmə bu gün, saat 16:45 radələrində reallaşacaq.
Qeyd edək ki, 47.4.4-cü maddəyə əsasən pensiya yaşına çatmış şəxslərə ictimai işlər cəzası tətbiq edilə bilməz.
Məlumat üçün bildirək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, Həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
Bundan başqa, E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir” statusuna malik demokratlardan biridir.  moderator/

Google+ WhatsApp ok.ru