Jurnalistin Avropa Oyunlarına akkreditasiyası ləğv edildi

“Bakı-2015” Avropa Yay Oyunlarını işıqlandırmaq üçün oyunların Əməliyyat Komitəsinə müraciət edən cenubnews.com internet qəzetinin baş redaktor əvəzi Mirələm Həşimov səbəbsiz yerə oyunları işıqlandırmaqdan uzaqlaşdırılıb. 
 
Musavat.com-un məlumatına görə, Həşimov bir müddət öncə media nümayəndəsi kimi Avropa Oyunlarını işıqlandırmaq üçün qeydiyyatdan keçib. İki gün öncə ona zəng edərək bildiriblər ki, akkreditasiya kartını gəlib götürə bilər. Lakin Akkreditasiya Mərkəzində jurnalistə deyilib ki, qeydiyyatınız ləğv olunub. Səbəbi soruşduqda jurnalistə ingilis dilində yazılmış məktub təqdim edilib.
 
M.Həşimov məktubun tərcümə edilməsini istəsə də, bir ingilis nümayəndə yaxınlaşaraq bildirib ki, bizlik deyil, gedin sizə zəng edilən nömrə ilə problemlərinizi həll edin. 
 
“Akkreditasiya Mərkəzindən iki saata yaxın idi ki uzaqlaşmışdım, mənə zəng edib bildirdilər ki, sizin qəbul sənədi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılıb və bizə yox cavabı verilib. Səbəb bilinmir və açıqlama verilmir”.
 
Qeyd edək ki, Avropa Oyunlarını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.

Google+ WhatsApp ok.ru