Bu gün imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür

Bu gün hicri-qəməri tarixi ilə şəvval ayının 8-dir. Doxsan il əvvəl bu gündə Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
 
SalamNews-bildirir ki, onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər. Radikal sələfilər bu qəbirləri şirkə və küfrə səbəb olduqlarına görə dağıtdıqlarını bildiriblər.
 
Sərkərdələr tərəfindən tikilən Bəqi qəbiristanlığı ilk dəfə hicrətin 519-cu ilində Xəlifə Müstənsir-Billah tərəfindən, sonra tarixi Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi, daha sonra 18-ci əsrin sonlarında və nəhayət Osmanlı xilafəti dövründə - 19 əsrin əvvəllərində yenidən tikilərək abadlaşdırılıb. İmamların qəbirlərinin üzərində günbəz və məscidlərin tikilməsi isə hicrətin 495-ci ilinə təsadüf edir.
 
Xatırladaq ki, Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə - miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib. Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.

Google+ WhatsApp ok.ru