Bu gün metro işçiləri günüdür

Bu gün – 8 noyabr Metropoliten İşçiləri günüdür. 
 
Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün - metropolitenin tikintisi qərara alınmışdı.
 
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
 
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri “Qara şəhər” adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
 
Hazırda Bakı Metropoliteninin 23 stansiyası vardır - “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “M.Əzizbəyov”, “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, “28 may”, “Nizami”, “Emlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” “Memar Əcəmi”, “Sahil”, “İçərişəhər”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”.
 
Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaqdır. 

Google+ WhatsApp ok.ru