Bu il 124 nəfər dərmandan zəhərlənib, 96 nəfərdə dərmanın əlavə təsirləri yaranıb

Bu il 124 nəfər dərmandan zəhərlənib, 96 nəfərdə dərmanın əlavə təsirləri yaranıb

Bu ilin yanvar-avqust ayları ərzində 124 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Maide.Az bildirir ki, bunu Trend-ə özəl olaraq mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 16-sı uşaq olub.

A.Maqsudov bildirib ki, il ərzində 15-i uşaq olmaqla, 96 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.

Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar: "Uşaqlar çox zaman evdə nəzarətsiz qaldıqda dərman qəbul edirlər. Onlar adətən, nənə-babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərə qoyulsun".

Google+ WhatsApp ok.ru