Bu ilin I rübündə 3300-dən çox əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

2015-ci ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3 327 hüquq pozuntusunu aşkar edib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların  böyük əksəriyyətinin işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub, habelə ayrı-ayrı pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib.
 
Qeyd olunan dövrdə aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunmuş cərimələrin 50,07%-i (414 697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 901 manat və ya 10,05% çoxdur.
 
DƏMX işçi vətəndaşların əmək hüquqlarının təmin olunması istiqamətində nəzarət tədbirləri həyata keçirməklə yanaşı, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar işəgötürənlərə mütəmadi olaraq lazımı metodiki köməkliklərin göstərilməsini, müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasını da təmin edib.

Google+ WhatsApp ok.ru