Bu il qəbul olanların 71 faizi öz vəsaiti hesabına oxuyacaq

Bu il qəbul olanların 71 faizi öz vəsaiti hesabına oxuyacaq

Iqtisadçı ekspert Rövşən Ağayev ali təhsil müəssisələrinə aşağı balla qəbulun yolverilməz olduğunu yazır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. Qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.
 
Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, ali təhsil müəssisələrində təhsil alanların sayının çoxaldılması keyfiyyəti qorumaq hesabına baş verməlidir: “2016-cı ildə ali məktəblərə qəbul planı 3051 yer artırılıb. Artan yerlərin cəmi 497-si və ya 16 faizi ödənişsiz (dövlət sifarişli yerlər), 2554-ü və ya 84 faizi pullu olacaq. Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29 faizi (1221 yer) ödənişsizdir. Əgər qəbul planı tam icra edilsə, bu il ali məktəblərə qəbul olunanların 71 faizi, yaxud 29 min 744 nəfəri öz vəsaiti hesabına oxuyacaq.
 
Azərbaycanda ali təhsillə əhatə səviyyəsi 16-17 faizdən çox deyil. Inkişaf etmiş ölkələrdə bu göstərici 35-60 faiz intervalında dəyişir. Yəni ali məktəbdə oxumaq üçün yerlərin sayının artmasını müsbət qarşılamaq olar. Amma bu, qruplar üzrə keçid ballarının 150-200-ə endirilməsi yox, keyfiyyətin qorunması hesabına baş verməlidir. Keçid ballarının 250-dən aşağı salınması yolverilməzdir. Aydın məsələdir ki, qəbul planının artan yerləri 250-dən aşağı bal toplayan abituriyentlər hesabına təmin ediləcək”.
 
Ekspert qeyd edir ki, hökumət bu şərtlərlə təhsil alan tələbələrin hesabına digər problemləri yoluna qoymaq istəyir: “Indiki yoxsulluq şəraitində adamların keyfiyyətli təhsil verə bilməyən universitetlərə pul ödəməsi ürək ağrıdır. Böhran şəraitində hökumət aşağı ballı tələbələr hesabına universitetlərin imkanlarını artırmağa dəstək verir. Əgər ali təhsillə əhatə səviyyəsini yüksəltmək əsas hədəf seçilibsə, bu, pulsuz təhsil hesabına edilməlidir. Ən azından universitet təhsilinin keyfiyyətini elə səviyyəyə yüksəltmək lazımdır ki, insanlar övladlarına yatırdığı sərmayənin faydasını görə bilsinlər. Əksər hallarda ali məktəb məzunlarının aldığı diplomlar ailələrə texniki-peşə məktəblərinin diplomundan daha az fayda gətirir”.
 

Google+ WhatsApp ok.ru