Cəbhə xəttində yaşayan ailənin 21 illik problemi - VİDEO

Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin sakini Əntiqə Nəbiyevanın evinə 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı mərmi düşüb. Tavanı deşərək döşəməyə düşən mərmi partlamasa da hər 2 otağının divarlarında çatlar əmələ gəlib. 
 
Maide.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, ötən 21 il ərzində isə çatlar daha da böyüyərək təhlükəli həddə çatıb.
 
76 yaşlı Əntiqə nənə qışda soyuqdan, yayda isə ilan və kərtənkələlərin hücumundan qorunmaq üçün tavanda və döşəmədə əmələ gəlmiş deşikləri əsgi parçası ilə tutmaq məcburiyyətində qalıb. Ev sahibəsinin sözlərinə görə tavan tamamilə sıradan çıxdığından yağan yağış suları da birbaşa otaqların içərisinə tökülür.
 
Hazırda Əntiqə Nəbiyevayla birgə, evdə qızı, kürəkəni və üç nəvəsi yaşayır. Əntiqə Nəbiyevanın kürəkəni Zaur İsmayılov fəhləlik etdiyini, amma uzun müddətir iş olmadığından evə qazanc gətirə bilmədiyini deyir. Ailənin aylıq büdcəsi isə Əntiqə Nəbiyevanın dövlətdən aldığı 145 manat təqaüddən ibarətdir. 
 
Zaur İsmayılovun sözlərinə görə maddi imkansızlıqdan evi təmir edə bilmirlər. Lazımi qrumlara isə dəfələrlə müraciət ediblər. Ərazilərin Bərpası və Yenidənqurulması agentliyi tərəfindən evə baxış da keçirilib. Ancaq bu günə qədər bir nəticə yoxdur. 
 
Şikayətçi Zaur İsmayılov bildirib ki, gəlib çəkiblər və düzələcəyini vəd edib gediblər. Artıq iki aydı səs-soraq çıxmadığını görən Zaur İsmayılov toyuq-cücə sataraq evə beton tökdüyünü deyir.
 
Tərtər rayon İcra Hakimiyyətindən bildirdilər ki, müharibədən zərər görmüş evlərin təmiri Ərazilərin Bərpası və Yenidənqurulması agentliyi tərəfindən mərhələli şəkildə aparılır. Artıq təmas xəttində yerləşən 2 kəndin müharibədən zərər görmüş fərdi yaşayış evlərində işlər yekunlaşıb. 
 
Tərtər rayonunun baş memarı Tofiq Kərimovun sözlərinə əsasən müharibədən zərər çəkən digər yaşayış məntəqələrində də bərpa işlərinin aparılması gündəmdədir. Dövlət tərəfindən vəsait ayrılan kimi Qapanlı kəndində də işlərə başlanacaq.

Google+ WhatsApp ok.ru