Cəbhə xəttinin bir aylıq statistikası: 253 pozuntu

2014-cü ilin 10 ayı ərzində cəbhə xəttində atəşkəs rejimi avqust ayının ilk günlərində baş verən döyüşlər istisna olunmaqla, 3588 dəfə pozulub
 
Cari ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 253 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu həlak olub. 
 
Ötən ay cəbhə xəttində bir Azərbaycan vətəndaşı minaya düşərək xəsarət alıb. 
 
Oktyabr ayında ermənilər tərəfindən cəbhənin Füzuli rayonu istiqamətində 69, Ağdam rayonu istiqamətində 52, Xocavənd rayonu istiqamətində 37, Goranboy rayonu istiqamətində 27, Tərtər rayonu istiqamətində 21, Cəbrayıl rayonu istiqamətində 16, Göygöl rayonu istiqamətində 1 dəfə atəşkəs pozulub. 
 
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Tovuz rayonu istiqamətində 21, Qazax rayonu istiqamətində 9 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. 
 
Qeyd edək ki, Ermənistan ordusu tərəfindən 2014-cü ilin 10 ayı ərzində cəbhə xəttində atəşkəs rejimi avqust ayının ilk günlərində bütün cəbhə boyu baş verən döyüşlər istisna olunmaqla, 3588 dəfə pozulub. Ötən dövrdə baş vermiş atəşkəs pozuntularının əsas hissəsi – 1543 hadisə yanvar ayına təsadüf edib. Ümumilikdə yanvarda 1543, fevralda 258, martda 229, apreldə 212, mayda 260, iyunda 344, iyulda 414, avqustda 332, sentyabrda 103, oktyabrda 253 atəşkəs pozuntusu faktı qeydə alınıb. İyul ayının son, avqust ayının ilk günləri isə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Google+ WhatsApp ok.ru