Cərimələr ölkəsi

Biz həqiqətən də dözümlü xalqıq. Vəziyyət nə qədər ağır olsa da yaşayırıq. Amma hökumətimiz çox dözümsüzdür. Xalqdan fərqli olaraq, hökumət neft pullarının azalmasına dözə bilmir. Ona görə də böhranla “mübarizə” aparmaq qərarına gəliblər. Bu “mübarizə” isə dözümlü xalqın cibinə inteqrasiya etməkdən keçir. Düzdür, hökumətimiz həmişə “cibə inteqrasiya”nı prioritet hesab edib. Sadəcə olaraq indi dolayısı ilə yox, birbaşa vətəndaşın cibinə istiqamət götürüblər.
 
 
Bəli, şanlı hökumətimiz büdcəni kökəltmək üçün xalqı arıqlatmaq qərarına gəlib. Beləliklə, “anloqsuzlar dəstəsi” böhranın qarşısına cərimələrlə çıxıb. Necə ki, müharibədə kasıb-kusubun övladı güllə qabağına verilir, eləcə də böhranın qarşısına kasıb-kusub verilib.
 
Milli Məclisimizin mandat gəzdirənləri hər gün cərimə istehsal edirlər. Dərsə getməyən uşaqdan, möhkəm asqıran adamdan, evində sağlıq deyən kişidən, rəfiqəsini səsləyən qadından pul alacaqlar.
 
Yəni, yeni qaydalara görə küçədə, istirahət yerlərində, ictimai yerlərdə səs-küy salanlara, vətəndaşların istirahətinə mane olanlara qarşı cəzalar sərtləşdirilir. Səs-küy salan fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3 500 manata qədər cərimə olunacaqlar.
 
Deməli, kasıb bir adam “acından ölürəm”, “dolana bilmirəm”, “əmək haqları aşağıdır”, “qiymətlər bahadır” deyərək qışqırsa, qanı batdı.ÿGörəsən, yüksək səsləÿ”offşorlardakı milyardları ölkəyə qaytarın” deməyə nə qədər cərimə yazılacaq?
 
Elə bilməyin ki, hökumət cərimələri artırmaqla vətəndaşın qeydinə qalmaq istəyir. Yox, sadəcə olaraq kasıb-kusubun səs-küyündən pul qazanmaq istəyirlər. Daha dəqiq desək vətəndaşı qışqırda-qışqırda soymaq istəyirlər.ÿ
 
Ümumiyyətlə, ölkəmiz ziddiyyətlər diyarıdır. Ölkəyə milyardlar gələndə vətəndaşın əmək haqqı artırılmadı. Indi ölkədən milyardlar ayağını kəsib və cərimələr artırılır. 150-200 manat əmək haqqı alan müəllim, həkim, elmi işçi, qəfil səsin qaldırsa, 3 aylıq maaşdan məhrum olacaq.
 
Əslində, ölkə vətəndaşları uzun illərdi cərimə ödəyir. Məsələn, 2.5 milyon adam kredit cəriməsi ödəyir. Şagird “süpürgə pulu”, “təbaşir pulu”, “fond pulu” cəriməsi ödəyir. Tələbə təhsil haqqı cəriməsi ödəyir. Xəstə pulsuz verilməli olan dərmanı pulla almaqla cərimə ödəyir. Ümumiyyətlə, ölkədə bütün sahələr monopoliyada olduğu üçün, vətəndaş bütün məhsulları 5-10 dəfə baha qiymətə alır və zəruri ehtiyacların cəriməsini ödəyir. Yəni, bu ölkə çoxdandır ki, “Odlar yurdu” olmaqdan çıxıb və “cərimələr yurdu”na çevrilib.
 
Amma bu “cəriməli günlər”də xalqın da günahı böyükdür. Xalq vaxtında hökuməti cərimələsəydi, bu gün hökumət xalqın taleyi ilə evcik-evcik oynamazdı.
 
Bəli, seçki saxtalaşdırılanda, neft pulları talan ediləndə, hüquq sistemi sıradan çxarılanda, korrupsiya meydan sulayanda, xalq iradəsini göstərməliydi. Amma hər şey tərsinə oldu. Neft 115 dollar olanda da, 35 dollara düşəndə də cəriməni vətəndaş ödədi.
 
Təbii ki, ictimai yerdə səs-küy salmaq, qonşuları narahat etmək, yeraltı keçiddən istifadə etməmək, məktəbə getməmək pis haldır. Təbii ki, qaydaları pozan cərimələnməlidir.
 
Amma ilk növbədə yeraltı keçidin tikilməsində korrupsiyaya yol verənlər, məktəbi rüşvət yuvasına çevirənlər, xalqın səsin boğmaq istəyənlər cərimələnməlidir. Ölkəni xarabalığa çevirdikdən sonra cərimələri sərtləşdirmək isə avtoritarizmin xarakterinə uyğundur.
 
Cənablar, bu ölkəni böhran həddinə çatdıran, ölkədən 95 milyard pul çıxaran, hansısa səs-küy salan sadə vətəndaş, dərsə getməyən şagird, yeraltı keçiddən istifadə etməyən gənc deyil. Deməli, böhranın qarşısını da səs-küy çıxaranlarla almaq olmaz. 20 ildən artıqdır ölkədə at oynadanlar, zəhmət çəkib özlərini cərimələsinlər.
 
Birdə ki, bu toplumun səsi onsuz da kəsilib. Bu millət illərdir haqqının yeyilməsinə susub. Indi susqun xalqın səs-küyündən pul qazanmaq ayıb deyilmi? 9 miyonluq xalqın istirahətini pozanlar, qonşusunun istirahətini pozanlara qarşı niyəbelə sərtləşib?
 
Vəzifəli şəxslərin daha yüksək məbləğdə cərimələnəcəyinə gəlincə, bu imitasiyadır. Çünki, bu ölkədə heç bir qanun vəzifəli adamın səsin eşidə bilməz.azadliq.info /

Google+ WhatsApp ok.ru