İcra hakimiyyəti əməkdaşlarının seçkiyə müdaxilələri başlayıb

50 saylı Qobustan-Abşeron seçki dairəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Qədim Soltan oğurlanıb. Turan-ın müxbirilə söhbətində Q.Soltan bu faktı təsdiqləyib.
 
Q.Soltan və daha bir neçə nəfər bu dairədən partiyanın namizədi Səxavət Soltan üçün imza toplayırmış.
 
Ərəbqədim kəndində imza toplanan zaman məlum olub ki, Məzahir Mahmudoğlu adlı şəxs kənd sakinlərindən şəxsiyyət vəsiqələrini yığıb, həm də sakinlərə S.Soltana imza verən şəxslərə qarşı cinayət işinin başlanacağı, “başlarının ağrıyacağı” barədə hədə-qorxu gəlib. 
 
Q.Soltan deyib ki, imza topladıqları müddətdə kənd icra nümayəndəliyinin  Elman, Məharət, Mehman adlı əməkdaşları onları izləyib. İmza toplamaq üçün hansı evə giriblərsə icra işçiləri telefonla  həmin evlərin şəkillərini çəkiblər.
 
Q.Soltan Xilmilli kəndində cəmi iki imza toplaya bildiklərini deiyb. Daha sonra ev sahibinə zəng gəlib. Bunun arxasınca özünü Hüseyn kimi təqdim edən şəxs həyətə girib və  “mən bu kəndin ağasıyam, heç kimi tanımıram, məndən icazəsiz imza toplamaq olmaz” deyib.
 
Evdən çıxandan sonra ora dövlət nömrəsi olmayan iki “Niva” markalı maşın gəlib. 14-15 nəfərlik bu dəstənin məqsədi imza vərəqələrini almaq olsa da bunu bacarmayıblar. Q.Soltanın dairədə partiyanın səlahiyyətli nümayəndəsi olmasını xatırlatması da bu adamlara təsir etməyib.
 
Q.Soltan insident barədə 102 telefonu ilə Daxili İşlər Nazirliyinə xəbər verdiyini, bundan əlavə,  Qobustan polis şöbəsinə ərizə ilə müraciət etdiyini söyləyib. “Bu işin sonuna qədər gedəcəyik, bu hərəkətlər artıq birbaşa seçki haqqında qanunun ən elementar tələblərinin pozulmasıdır”, -  Q.Soltan bildirib. /

Google+ WhatsApp ok.ru