Dərmanlar vahid qiymətlə satılacaq?

İlham Əliyevin dərman vasitələrinin baha satılması barədə çıxışının pərdəxarxası

Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib. AzərTAc-ın məlumatına görə, Ilham Əliyev bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.
Məlumat üçün deyək ki, Azərbaycanın dərman bazarında əsasən “Avromed”, “Zəfəran”, “Riad Farm” şirkətləri söz sahibidir. Bu yaxınlarda isə bazara daha bir şirkət - “Zeytun” qədəm qoyub. Iddialara görə, “Riad Farm” istisna olunmaqla digər şirkətlər hakim ailənin nəzarətindədir. “Riad Farm” isə ölkə başçısının əmisi oğlu Ilqar Əliyevə məxsusdur. Təsadüfi deyil ki, dərman sahəsinə Səhiyyə Nazirliyi müdaxilə edə bilmir. Elə ölkə başçısının çıxışından bir gün əvvəl Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə “Şərq”ə açıqlamasında dərmanların qiymətlərinin bahalaşmasına da münasibət bildirib. “Səhiyyə Nazirliyi  satış və istehlak prosesinə nəzarət etmək səlahiyyətində deyil. Səhiyyə Nazirliyi istər dərman firmalarının, istərsə də apteklərin qiymət siyasətinə müdaxilə edə bilməz. Biz ancaq tibbi standartlara riayət edilməsinə nəzarət edirik. Qiymət məsələsinə nəzarət etmək başqa dövlət qurumlarının səlahiyyətindədir”,- deyə o, bildirib.
Bu arada redaksiyamıza məlumat daxil olub ki, apteklərə dərmanların vahid qiymətlə veriləcək. Dərman vasitələri topdansatış məntəqələrində qiymətləndirələcək və həmin qiymət dərmanın üzərinə vurulacaq. Apteklər dərmanları həmin qiymətdən baha sata bilməyəcəklər. Məlumatda bildirilir ki, apteklər bu halda yalnız faizə işləməli olacaqlar. Əczaçıların sözlərinə görə, bu addım atılacağı təqdirdə xeyli sayda aptek fəaliyyətini dayandırmalı olacaq. “Qazanan yalnız toplansatış məntəqələri olacaq. Apteklərin isə qazancı icarə haqqına güclə ödəyəcək. Ona görə də xeyli sayda apteklər fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq”, - deyə əczaçılar bildirib.(Azadlıq)

Google+ WhatsApp ok.ru