Dəm qazından ölümlər – müharibə statistikası kimi

Dəm qazı, yəni karbon monooksid (CO) əsasən oksigensiz mühitdə yaranır. Otaqda oksigen kifayət qədər olanda isə təbii qaz yananda ondan ayrılan karbon monooksid oksigenlə qarışır və karbon dioksidə (CO2) çevrilir. Dəm qazından zəhərlənmə isə bədənin oksigen qəbul edə bilməməsindən qaynaqlanır. Belə ki, karbon monooksid hemoqlobinin tərkibindəki dəmirlə birləşmə yaradır və eritositlərin tərkibindəki hemoqlobin oksigen qəbul edə bilmir. Beyinə isə 5 dəqiqə ərzində oksigen daxil olmadıqda beyində geri dönməyən proseslər başlayır. Yəni, insan əvvəlcə huşunu itirir, lazımi ilkin tibbi müdaxilə olmadıqda isə dünyasını dəyişir.
 
Mütəxəssislər deyir ki, dəm qazının xüsusi qoxusunun olmaması onu daha da təhlükəli edir. Belə ki, zəhərlənməyə məruz qalan adam özü heç nə hiss etmədiyindən özü özünə kömək edə bilmir.
 
Bu gün də bir ailənin 2 üzvü dəm qazından dünyasını dəyişdi. Ümumiyyətlə, ölkədə hər il qış aylarında baş verən ölüm hallarının əhəmiyyətli qisminin səbəbkarı məhz dəm qazıdır.
 
Virtualaz.org saytının mətbuatda dərc olunmuş materiallar əsasında apardığı araşdırmaya görə, 2016-cı ilin ilk iki ayında 75 nəfər dəm qazından zəhərlənib. Bunlardan 42 nəfəri dünyasını dəyişib. Zəhərlənmə hallarından 53-ü yanvar, 22-si isə fevral ayında baş verib. Martın ilk 10 günündə isə dəm qazından 6 zəhərlənmə halı qeydə alınıb ki, bunlardan 4-ü ölümlə nəticələnib.
 
Dəm qazından zəhərlənmə və bunun ölümlə nəticələnməsi halları ilə bağlı rəsmi statistik məlumat olmasa da, Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudovun sözlərinə görə, il ərzində dəm qazından zəhərlənmə halı ilə bağlı təxminən 250-255 nəfər arası xəstə müraciət edib.
 
Fövqəladə Hallar Nazirliyində isə məhz dəm qazından ölüm hallarının sayı ilə bağlı ayrıca məlumat verilməyib. Nazirliyin rəsmi saytının statistika bölməsinin yaydığı məlumatda yalnız texnogen mənşəli hadisələrin və bununla bağlı ölümün sayı verilib. Belə ki, bu rəqəmlərə görə, 2015-ci ildə texnogen mənşəli 13563 hadisə baş verib. Bu hadisələr nəticəsində 77 nəfər ölüb, 237 nəfər isə xəsarət alıb. Qeyd etdiyimiz kimi, bunlardan neçəsinin məhz dəm qazından zəhərlənmə halı olduğu ayrıca qeyd olunmayıb.
 
5-10 il əvvəllə müqayisədə dəm qazından zəhərlənmə hallarının artması əhali arasında müxtəlif şayiələr də yaradıb. Çoxu düşünür ki, dəm qazının səbəbi əhaliyə verilən təbii qazın tərkibində qüsurların olmasıdır.
 
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev virtualaz.org saytına açıqlamasında bildirib ki, təbii qazın tərkibində heç bir qüsur yoxdur:
 
“Dəm qazından zəhərlənmə hallarının əsas səbəbi istehlakçıların bəzi normaları pozmasıdır. Məsələn, təbii qazdan istifadə olunan vanna otaqlarının ölçüsü minimum 7,5 m2, hündürlüyü isə 2 metr 20 santimetr olmalıdır. Vanna otağının qapısı çölə açılmalıdır və qapının altında dəliklər olmalıdır. Bundan başqa, hamam otağında havalandırma sisteminin olmasına da diqqət yetirmək lazımdır. İstehlakçılar bu kimi normalara riayət edərsə, dəm qazından zəhərlənmə halları da azalar”.
 
Qurum rəsmisi onu da vurğulayıb ki, “Azəriqaz” mənzillərdə monitorinqlər aparır ki, burada da məqsəd normalara uyğun olmayan sobaları aşkarlamaqdır:
 
“Təkcə fevral ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin qaz kəmərləri və cihazlarına texniki nəzarət xidməti tərəfindən 64 min 181 mənzilə texniki baxış keçirilib. Texniki baxışın əsas məqsədi qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, qaz cihazlarının yerinin dəyişdirilməsinə nəzarət etmək və istehlakçıları bu sahədə maarifləndirmək, qaz cihazlarından düzgün istifadə qaydaları barədə təlimatlandırmaqdır. O cümlədən, texniki baxış zamanı mənzillərdə istismara yarasız, həmçinin kustar üsulla hazırlanmış sobalar aşkar olunanda onlar istismardan çıxarılır”.
 
İ.Kərbalıyev onu da əlavə edib ki, texniki baxış keçirilən mənzillərdə bəzən qaz kəmərinin mətbəx mebelinin arxasında gizlədilməsi və s. bu kimi pozuntular aşkarlanır. Bu zaman akt tərtib edilir və mənzilə qazın verilməsi dayandırılır. Qüsurlar aradan qaldırılandan sonra abonent yenidən müraciət edir və mənzilə təkrar baxış keçiriləndən sonra qazın verilişi bərpa olunur.
 
Mütəxəssisin də qeyd etdiyi kimi, dəm qazı ölümlərinin əsas səbəbkarı qızıdırıcı sobaların düzgün quraşdırılmamasıdır. Belə olan halda həmin sobaları quraşdıran ustalar məsuliyyətə cəlb oluna bilərmi?
 
Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov virtualaz.org-a açıqlamasında bildirib ki, naşı ustaların yanlış quraşdırdığı sobalar, nəzarətsiz qalan, təmizlənməyən tüstü bacaları və istehlakçıların müəyyən normalara əməl etməməsi dəm qazından zəhərlənmələrini artırır:
 
“Naşı ustaların da burada çox rolu var. Hər kəs əlinə bir çanta alır ki, mən ustayam, əksəriyyətinin isə lisenziyası, sertifikatı yoxdur. Ona görə də, dəm qazından ölüm halı baş verdikdə istilik sobasını quraşdıran usta da məsuliyyətə cəlb olunmalıdır. Əgər başı çıxmırsa, gərək bu işi görməsin. Amma digər tərəfi də var ki, ustalar da evlərə özbaşına gəlmir, istehlakçı onu dəvət edir və usta da gedib işləyir”.
 
Ekspert deyir ki, ölkədə tüstü bacalarına nəzarət edən qurumun olmaması da bu halları artıran səbəblərdən biridir:
 
“Sovet dövründə yanğından könüllü mühafizə cəmiyyəti var idi, onlar hər rüb tüstü bacalarının fəaliyyətini yoxlayırdılar. Artıq 20-30 ildən çoxdur ki, bu iş görülmür. Nəzarət olmayan yerdə də hər şey baş verə bilər.
 
Tüstü bacalarının da normaları var. Tüstü çıxan borunun diametri sobanın ölçüsündən asılı olmayaraq 100-150 mm arası olmalıdır. Tüstü bacası damdan yarım metr hündürlükdə quraşdırılmalıdır, onun düzgün yerləşdirilməsinə diqqət etmək lazımdır. Çünki Bakı küləklər şəhəridir və ola bilər ki, külək tüstü bacasından çıxan qazı otağa vursun və zəhərlənmə baş versin”.
 
Hər bir hadisədə olduğu kimi, dəm qazı zəhərlənməsində də ilkin tibbi yardım xəsarət alan adamın həyatını xilas edə bilər. Azər Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmiş şəxsi təmiz havaya çıxarmaq, arxası üstə uzatmaq lazımdır:
 
“Əgər xəstənin huşu özündədirsə, onda ilkin tədbir görmək daha asan olur. Əgər huşunu itiribsə, təmiz havaya çıxarılmalıdır, bədənin temperaturu itməsin deyə, isti yorğan və s. örtmək, ağzının seliyini təmizləyib nəfəsi bərpa etmək lazımdır. Təbii ki, tez bir vaxtda təcili yardım çağırılmalıdır”.  /
 

Google+ WhatsApp ok.ru