Daha 60 neftçiyə qara xəbər: `İşdən çıxarılırsınız`

“Azərneftyağ” və Neft Emalı Zavodunun layihə-konstruktor şöbəsinin 60 əməkdaşına bildirişlər paylanıb. Onlardan yalnız 5 nəfəri işlə təmin ediləcək.
 
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
Hüquq müdafiəçisinin sözlərinə görə, “Azərneftyağ” neft emalı zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilməsi nəticəsində şöbə ləğv olunaraq “Neftqazelmitədqiqatlayihə” institutunun tabeliyinə verilib.
 
İnstitutda isə 60 işçinin işlə təmin olunması mümkün deyil. Yeni şöbədə yalnız 5 işçi işlə təmin olunacaq.
 
M.Qəhrəmanlı dedi ki, 55 nəfər isə Dövlət Neft Şirkətinin 2014-cü il, 17 yanvar tarixli əmri ilə təsdiq edilmiş proqrama qoşula bilərlər: “Proqrama qoşulan işçilərin bir qismi təkrar işlə təmin oluna bilər. Onlara 1 illik proqram dövründə orta aylıq əmək haqqının 50 faizi həcmində aylıq müavinət ödəniləcək. Proqramın müsbət tərəflərindən biri də işçilərin tibbi sığorta olunmalarıdır.  Lakin istənilən halda işçilərin əksəriyyəti ixtisara salınacaq”.
 
Qeyd edək ki, zavodların birləşməsi nəticəsində yeni ştat cədvəli Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq tərtib edilib. Bu ştatların əmək funksiyalarının icrası üçün tələb olunan daha yüksək peşəkarlıq səviyyəsinə malik işçilərdən komplektləşdirilməsi məqsədi ilə hər iki zavodun əməkçiləri işlədikləri vəzifə və peşələr üzrə İnsan Resursları Departamentində keçiriləcək test imtahanlarında iştirak edəcəklər.
 
İmtahanlarda başqalarına nisbətən yüksək bal toplamış işçilər yeni strukturda yerləşdiriləcəklər./

Google+ WhatsApp ok.ru