Daha bir türkmən şəhəri İŞİD-dən alındı

ABŞ qırıcılarının “İraq Şam İslam Dövləti” terror təşkilatının mövqelərinə endirdiyi zərbələr nəticəsində 26 silahlı öldürülüb. Hadisə Zummar bölgəsində baş verib. Əl-Cümhuri xəstəxasından bildirilib ki, silahlıların meyitləri məhkəmə-tibb ekspertizasına verilib. Öldürülənlərin hamısı İraq vətəndaşıdır və aralarında əcnəbi yoxdur.
 
Xəstəxanadan o da bildirilib ki, İŞİD-in qurduğu “məhkəmə”nin qərarı ilə edam edilən 7 mülki şəxsin də meyiti gətirilib. Bununla da, İŞİD-in son 5 gündə bölgədə edam etdiyi mülki şəxslərin sayı 21-ə çatıb.
 
Peşmərgə dəstələri cümə günündən ABŞ ordusunun havadan dəstəyi ilə neftlə zəngin Zummar bölgəsini İŞİD-in nəzarətindən çıxarmağa çalışır.
 
Bu arada isə İraq ordusu iki aydır İŞİD-in mühasirəsində olan Əmirli şəhərini azad edib. İraq ordusunun general-leytenantı Kassim əl-Musəvi bildirib ki, hökumət qoşunları şəhərə daxil olublar. O, əməliyyatın təfərrüatlarını açıqlamayıb.
 
Yerli siyasətçi Fevzi Əkrəm əl-Tərzi isə deyib ki, İraq qoşunları şəhərə iki tərəfdən giriblər və yerli əhaliyə humanitar yardım paylanıb.
 
Diyala əyalətinin Əmirli şəhərində türkmənlər yaşayır. İki aydan çoxdur İŞİD silahlıları əhaliyə içməli su və ərzaq verilməsinə mane olur. İraq ordusu indiyədək şəhəri azad etmək üçün bir neçə dəfə cəhd göstərsə də, əməliyyatlar uğursuzluqla nəticələnmişdi. Ordu yalnız şəhərə havadan humanitar yükləri ata bilmişdi.

Google+ WhatsApp ok.ru