Delta Telekom müxalifət saytlarının bloklanmasına bağlılığını inkar edir

Delta Telekom müxalifət saytlarının bloklanmasına bağlılığını inkar edir

Delta Telekom şirkəti “Azadlıq” radiosu, “Meydan” TV və “Azadlıq” qəzetinin saytlarının bloklanması ilə bağlı ittihamları rədd edib.
 
Sözügedən saytlara girişin Delta Telekom magistral provayder tərəfindən məhdudlaşdırılması barədə ötən gün “Azadlıq Radiosu/Azad Avropa” korporasiyası bildirib.
 
Delta Telekom mətbuat xidmətindən Turan-n sorğusuna cavab olaraq bildiriblər ki, şirkət yalnız texniki fəaliyyətlə məşğul olur, siyasi yox. Saytların bağlanması və ya onlara texniki hücumların təşkilinin Delta Telecoma hec bir aidiyyatı yoxdur. Bu məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət etməyi tövsiyə ediblər.
 
Media sahəsində ekspert Ələsgər Məmmədli vəziyyəti Turan-a şərh edərkən deyib ki, magistral provayder kimi
 
Delta Telekom-un saytların bloklanmasına aidiyyatı olmaya bilər. “Ancaq belə olan halda şirkət filtrlərin onun tərəfindən qoyulmadığına dair subutlar təqdim etməlidir”, - Ə.Məmmədli qeyd edib.
 
Ə.Məmmədli ehtimal edir ki, bloklanma Delta Telekom ilə yanaşı digər bütün İnternet provayderlər tərəfindən həyata keçirilə bilər.
 
Ekspert əmindir ki, saytların bloklanması siyasi sifarişin təzahürüdür, ya Rabitə Nazirliyinin, ya da Dövlət Xüsusi Mühafizə Xidmətinin göstərişi ilə həyata keçirilir.
 
Ə.Məmmədli diqqəti ona yönəldib ki, ötən payız həmin saytların bloklanması bütün provayderləri əhatə etmirdi. Görünür, indi saytların tamamilə bloklanması barədə göstəriş var.
 
Ə.Məmmədli bloklanmanın texniki hücumların nəticəsi olması barədə fikirlərlə razı deyil. Məsələ bundadır ki, proksi sayt vasitəsilə saytlara giriş açıqdır, yəni, söhbət texniki hücumdan getmir.
 
“Əgər proksi saytlar vasitəsilə həmin saytlara daxil olmaq  mümkündürsə, onları bloklamağın mənası nədir?” sualının cavabında Ə.Məmmədli deyib ki,  Azərbaycanda istifadəçilərin məlumatlılığının səviyyəsi yüksək deyil və çoxları bu imkanlardan xəbərsizdir.
 
Ekspert diqqəti ona yönəldib ki, saytlar bloklandıqdan sonra “Azadlıq” qəzetinin saytına giriş bir neçə dəfə azalıb.
 
Ə.Məmmədli ehtimal edir ki, bloklanma məhz siyasi motivlərlə həyata keçirilir və hakimiyyəti kəskin tənqid edən saytları əhatə edir.(contact)

Google+ WhatsApp ok.ru