Devalvasiya mətbuata da zərbə vurdu

Mərkəzi Bankın dekabrın 21-də verdiyi növbəti devalvasiya qərarı iqtisadiyyatın bütün sahələrini çətin vəziyyətə qoyub. Manatın dollar qarşısında daha böyük faizlə dəyər itkisi mətbuat orqanlarına da ciddi zərbə vurub.
 
 
Kağızın qiyməti, həmçinin çap xərcləri kəskin artıb. Üstəlik, məlumat yayılıb ki, sadələşdirilmiş vergi yaxın vaxtlarda 2 faiz artırılacaq. Nəzərə alsaq ki, bundan əvvəl də yayım sisteminin dağıdılması, “Qasid”in köşklərinin ləğvi, bu firmanın qəzetlərin pulunu mənimsəməsi mətbuatı onsuz da pis vəziyyətə salmışdı, deməli, devalvasiyadan sonra yaranmış durumu təsəvvür etmək çətin deyil.
 
Görəsən, qəzetlər bu vəziyyətdən çıxmaq üçün nə düşünür? Qəzetlərin qiyməti artırılacaq, yoxsa başqa yollar axtarılır?
 
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev labüd qiymət artımıyla üz-üzə qaldıqlarını, kağızın və çap xərclərinin artırılması haqda artıq məldumat aldıqlarını deyir: “Satışdan maliyyələşən mətbuat orqanı üçün bu olduqca pis xəbərdir. Heç bir reklam imkanının olmadığı, reklam bazarının üzümüzə bağlı olduğu şəraitdə qəzetin qiymətini qaldırmaqdan başqa yol qalmır. ”Vəziyyətdən çıxış üçün başqa imkanlar varmı?” deyə çox düşünürük. Yalnız onu deyə bilərik ki, uzun illər ərzində mətbuata dəstək şüarıyla çıxış edən hökumət istəsə, qəzetlərin vəziyyətini yüngülləşdirə bilər. Vaxtilə qəzetlərin borclarının dondurulması barədə qərar qəbul olunmuşdu. O vaxt qəbul olunmuş qərar qəzetlərin sonrakı fəaliyyətini təmin etməsinə şərait yaratdı. Mətbuata Dövlət Dəstəyi Fondu vasitəsilə qəzetlərin kağız və çap xərciylə bağlı problemlərin həlllinə kömək edə bilər. Indi bu məsələ həmin fondun reallaşdırdığı çoxsaylı və böyük vəsait tələb edən layihələrindən daha vacibdir. Yəni hökumət istəsə, müəyyən addımlar ata bilər”.
 
Rahim Hacıyevin sözlərinə görə, hökumətin hər hansı vəsait xərcləmədən də qəzetlərin vəziyyətini yüngülləşdirməsi mümkündür: “Bu isə sadəcə, reklam bazarının bütün mətbuat orqanlarına bərabər əsaslarla açılması ola bilər”.
 
Rahim Hacıyev əlavə edir ki, bu variantların tətbiqinə ümidi çox azdır: “Bu səbəbdən hesab edirəm ki, konkret olaraq, ”Azadlıq” qəzetinin yaşaması və fəaliyyətini davam etdirməsi üçün qiymət artımından başqa yol qalmır”. azadliq /
 

Google+ WhatsApp ok.ru