ÜDM üzüaşağı gedir

ÜDM üzüaşağı gedir

"Novoye Vremya" qəzetində "Ümumi Daxili Məhsul (ÜDM) inamla enir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkədə istehlak malları və xidmətləri bahalaşmaqda davam edir. İnflyasiya da buna uyğun artmaqdadır:
 
"Dövlət Statistika Komitəsi orta illik inflyasiyanın 13.5 faiz olduğunu bildirir. Bizim statistikanın duruma "bəzək-düzək" verməsini nəzərə alsaq, gerçək inflyasiya həddini bilmək olar. Amma artan təkcə bahalıq və inflyasiya deyil. Azərbaycanda ÜDM azalır ki, bu daha çox narahatlıq doğuran məsələdir. Bu ilin 5 ayında ÜDM istehsalı 25.3 milyard manat təşkil edib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0.9 faiz azdır".
 
Yazıda vurğulanır ki, istehsalın həcmində ciddi eniş olmasaydı, inflyasiya belə sürətli ola bilməzdi.
 
Müəllifin fikrincə, istehsalın azalması isə 2015-ci ildən özünü göstərir:
"Bu isə iki ildən bir qədər çox müddət deməkdir. Bu müddət ərzində ÜDM-nin azalmasının qarşısını almaq üçün əks tədbirlər görmək olardı. Əlbəttə, söhbət ilk növbədə qeyri-neft sektorunun inkişafından gedir. Bu dəfə Dövlət Statistika Komitəsi istehsalın daha çox harada azalmasını göstərmir. Amma onsuz da bilinir ki, ÜDM-in azalmasına ciddi təsir göstərən sahə məhz tikintidir".
 
Yazıda ÜDM azalmasına əsas səbəb kimi neftin ucuzlaşması və baş verən devalvasiyalar göstərilir:
"Təəssüf ki, bu gün ixrac azalır, idxalın həcmi artır və belə bir durumda istər-istəməz ÜDM-nin artmasını gözləmək olmaz".

Google+ WhatsApp ok.ru