Dollar ucuzlaşır, mallar yox

Dollar ucuzlaşır, mallar yox

"Yeni Müsavat" qəzetində isə "Dollar ucuzlaşdı, amma qiymətlər olduğu kimi qaldı" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, son vaxtlar ölkədə dolların nisbətən ucuzlaşmasına baxmayaraq, bazarlarda malların qiymətləri enmir.
 
Yalnız tikinti materialları bazarında qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunur: "İş adamları bu sahədə yaranan durğunluğu azaltmaq üçün dolların yeni məzənnəsi ilə aldıqları malları daha ucuz satmağa çalışırlar".
 
Yazıda qeyd edilir ki, tikinti mallarından fərqli olaraq ərzaq malları ucuzlaşmır.
 
Tikinti materiallarının qiymətini qəzetə dəyərləndirən ekspert Natiq Cəfərli deyir ki, bu, bazarın tələb-təklif nisbətinə bağlıdır: "Tikinti sektorunda onsuzda durğunluq müşahidə olunur. O sahədə çalışan iş adamları dövriyyəni saxlamaq üçün bəzən məcburən qiymət artımına getmir. Çünki yüksək qiymətlər onsuzda az olan müştəriləri daha da qaçırdır".
 
N.Cəfərliyə görə, ərzaq malları bazarında durum isə fərqlidir. İnsanlar ərzaq almağa məcburdurlar.
 
Ekspert hesab edir ki, dolların baha satılması, inhisar da bahalaşmaya təsir göstərən amillər sırasındadır.
 
N.Cəfərli deyib ki, ölkədə rəqabətli mühit, işləməyə normal şərait, bazarda oyunçuların sayı yetərincə olsaydı, bunun qiymətlərə müsbət təsiri olardı: "Hökumətin inhisarda maraqlı olduğunun bir göstəricisi də budur. 20 ildir Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır, ancaq quruma üzv olmaq istəmir". /

Google+ WhatsApp ok.ru