Efiopiyada iğtişaşlarda xeyli sayda ölən var

Efiopiyada iğtişaşlarda xeyli sayda ölən var

Efiopiyada tanınmış müğənni və dissident Haakaaluu Hundeessaanın qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyaları və iğtişaşlar zamanı ölənlərin sayı azı 239-a çatıb.
 
Bu barədə ölkənin Oromiya ştatının polis rəisinin müavini dövlət televiziyasındakı çıxışında bildirib:
 
“İğtişaşlar nəticəsində bölgədə 9 polis əməkdaşı, 5 könüllü, 215 mülki şəxs həlak olub. Həmçinin ölkə paytaxtı Әddis-Әbәbә şəhərində aralarında iki polisin də olduğu 10 nəfər ölüb”.
 
Qeyd edək ki, milliyyətcə oromo olan və daha çox siyasi məzmunlu mahnıları ilə tanınan 34 yaşlı H.Hundeessaa iyunun 29-da gecə vaxtı ölkə paytaxtında naməlum şəxs tərəfindən öldürülüb. Oromiya ştatında yığcam şəkildə yaşayan və ölkənin ən böyük xalqı olan, lakin təzyiqlərə məruz qaldığı bildirilən oromolar arasında çox sevilən müğənninin ölümündən sonra həm ştatda, həm də ölkənin başqa şəhərlərində, həmçinin oromoların yaşadığı xarici ölkələrdə də etiraz nümayişləri başladı. Daha çox Oromiya ştatı və Efiopiyanın bəzi bölgələrində iğtişaşlara çevrilən bu aksiyalar iyulun 2-si axşamadək davam etdi.
 
İyulun 3-də Efiopiyanın baş naziri Abiy Əhməd üç gün davam edən iğtişaşları ölkədə vətəndaş müharibəsi başlatmaq üçün təxribat olaraq dəyərləndirərək bunun qarşısını aldıqlarını vurğulayıb. Report
 

Google+ WhatsApp ok.ru