Ekologiya Nazirliyi meşə yanğınları ilə bağlı məlumat yaydı

Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ilkin ehtimala görə ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə bu gün səhər saat 11 radələrində söndürülüb. Yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib. Avqustun 3-də həmçinin saat 14 radələrində Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin müvafiq yerli qurumlarının əməkdaşları yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Google+ WhatsApp ok.ru