Ekspert : 2019-cu ilin büdcəsində xərclər bölgüsü ədalətsizdir, qapalıdır, infliyasiya yaradacaq

Ekspert : 2019-cu ilin büdcəsində xərclər bölgüsü ədalətsizdir, qapalıdır, infliyasiya yaradacaq

"Strateq.az" da isə "Qubad İbadoğlu 2019-cu ilin büdcəsini təhlil etdi: Xərclər bölgüsü ədalətsizdir, qapalıdır, infliyasiya yaradacaq" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Sayt tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun 2019-cu il üçün təsdiq olunmuş dövlət büdcəsilə bağlı fikirlərinə yer verib.
 
Q.İbadoğluna görə, büdcə risklərinin təhlili və makrofiskal proqnozlaşdırma, iqtisadiyyatın təbii resursdan asılılıq baxımından dəyərləndirilməsi nəticəsində belə məlum olur ki, 2019-cu ilin büdcəsində ən azı 19 zəif bənd mövcuddur.
 
Ekspert iddia edir ki, zəif bəndlərin çoxalması növbəti ilin büdcəsinin keyfiyyətini, başqa sözlə, xərclərin faydalılığı və onların iqtisadi artıma töhfəsini aşağı salır və həmin zəif bəndləri belə təsnifləşdirir.
 
Q.İbadoğli ilkin zəif bənd kimi Azərbaycanda büdcə danışıqlarının aparılmamasını, büdcənin təşkili və müzakirəsinin parlamentin yox, icra hakimiyyəti daxilində bir qrupun, Maliyyə Nazirliyi və Prezident Administrasiyasının tam nəzarətində olmasını göstərir.
 
Ekspertə görə, növbəti zəif bənd büdcə prosesində parlamentin rolunun nominal olmasıdır, bu mənada bu ilki büdcə müzakirəsi əvvəlki illərdəkindən fərqli olmadı.
 
Q.İbadoğlu hesab edir ki, daha bir zəif bənd büdcənin "nəticə əsaslı" olmaması, proqramlarla nəticələrə və onların ölçülməsinə hesablanmış büdcə qurulmamasıdır, odur ki, büdcə xərclərinin səmərəliliyi ildən-ilə aşağı düşür.
 
İqtisadçı büdcədə neft gəlirlərinin xərclənməsinə, demək olar ki, məhdudiyyət qoyulmamasını da zəif bənd sırasına aid edir.
 
Bununla yanaşı, Q.İbadoğluna görə, büdcədə neftin barelinin qiymətinin 60 dollardan götürülməsi optimist ssenariyə əsaslanır, real deyil və daha bir zəif bənd elə budur.
 
Ekspert hesab edir ki, büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyil, belə ki, qeyri-neft sektorunun ÜDM-də payının son illər ərzində (2017-ci ildə 62,8% təşkil edib) artmasına baxmayaraq, büdcə gəlirlərində qeyri-neft sektoru hələ də aparıcı mövqeyə çıxa bilmir.
 
Q.İbadoğluna görə, daha bir zəif bənd büdcənin neft gəlirlərindən asılılığıdır, hələ ki, büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır.
 
İqtisadçı hesab edir ki, büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə artır və bu özü də sadalanan zəif bəndlərdən biridir.
 
Ekspert bu sadalamanı davam etdirərək deyir ki, büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsinin aşağı olması, büdcədən rayonlara dotasiyaların artması, qeyri-neft büdcə gəlirlərinin azalması, büdcənin cari xərclərinin artım tempinin qeyri-neft ÜDM-in nominal artım tempini üstələməsi də zəif bəndlər sırasındadır.
 
İqtisadçıya görə, büdcə xərclərinin bölgüsünü ədalətsizliyi, büdcə xərclərinin yarıya qədərinin açılışının olmaması da büdcənin zəif bəndləridir.
 
Q.İbadoğlu hesab edir ki, gələn ilin büdcəsi inflyasiya yaradacaq, növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb.
 
Ekspertə görə, dünya bazarında neftin qiymətinin gələn ildən gözlənilən ucuzlaşması 2019-cu ilin büdcəsinə mənfi təsir göstərə bilər.
 
Xatırladaq ki, 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq olunub. Növbəti ildə orta illik inflyasiyanın 3,8 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 60,0 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub.
 

Google+ WhatsApp ok.ru