Eldar Mahmudovun saxlanıldığı haqda məlumat yayıldı

Prezidentin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov  yoxa çıxıb. Onun harada olması barədə heç bir məlumat yoxdur.
 
Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imiş.
 
Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş.
 
Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb.
Qeyd edək ki, E.Mahmudovun bir neçə MTN əməkdaşı ilə saxlanılması xəbərini Haqqın.az saytı da məlumatı etibarlı mənbələrinə əsasən yayıb.

“Qafqazinfo” son dərəcə ciddi sensasiyalı sayıla biləcək həbs xəbərlərini dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Bu qurumlardan redaksiyaya bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.

Hələlik bu xəbərlərə rəsmi reaksiya yoxdur...

Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb. /

Google+ WhatsApp ok.ru