Eldar Namazov ermənilərlə iş birliyi ilə bağlı iddiaları cavablandırdı

“İmzaladığım sənəd Azərbaycan xalqının maraqlarını əks etdirir...”

Xəbər verildiyi kimi, “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla birgə bəyanat imzalayıb. Onların hər iki ölkənin rəhbərliyinə olan müraciətini Azərbaycan və Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb.

Sənədə Azərbaycan tərəfdən Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən isə Aqasi Enokyan, Aykak Arşamyan, Karen Ohacanyan və Nataliya Martirosyan imza atıblar. Helsinkidə imzalanan sənədin Qarabağ münaqişəsinin həllinə yönələn bir addım olduğu deyilir.

Bəyanatda deyilir: “Biz tərəflərin siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli bəyanatı əsasında Qarabağ məsələsinin nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırırıq”.

Eldar Namazovun və digər Azərbaycan vətəndaşlarının ermənilərlə birgə sənədə imza atmalarına ölkəmizdə etirazlar var. Etirazçıların arqumenti bundan ibarətdir ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın xeyrinə olan addımdır.

Məsələn, QAT sədri Akif Nağı deyir ki, bu cür bəyanatlar yalnız ermənilərin xeyrinə işləyir: “Əgər o sənəddə status-kvonun ləğvindən söhbət getsəydi, bu, nəsə olardı. Status-kvo ləğv edilmədən belə tip sənədlərin imzalanması heç nədir. Burada yalnız maddi maraqlar var. Çünki vasitəçilər Azərbaycan və Ermənistan tərəfi arasında dialoqların yaranmasına milyonlar xərcləyir. Bu bəyanatı imzalayanlar da ondan yararlanır. Bəyanatı imzalayan Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın adı bir müddət öncə Leyla, Arif Yunus və Rauf Mirqədirov məsələsində də çəkilirdi. Onların xalq diplomatiyası adı altında birgə casusluq layihələri həyata keçirdiyi məlum olmuşdu”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə daha sərt münasibət bildirib. O deyib ki, Eldar Namazovun Dağlıq Qarabağla bağlı, ümumiyyətlə, Azərbaycanın adı ilə bağlı hər hansı sənədə imza atmağa heç bir hüququ yoxdur: “Eldar Namazov ictimai təşkilatın rəhbəri ola bilər, lakin yalnız öz adından danışa bilər. Azərbaycan xalqının, Azərbaycan dövlətinin adından isə kimlərinsə sənəd imzalamağa heç bir hüququ yoxdur. Bu məsələnin hüquqi tərəfi. Digər tərəfdən, Eldar Namazovun mənəvi baxımdan da Dağlıq Qarabağla bağlı hər hansı sənəd imzalamağa haqqı çatmır. Çünki xalqın məsələləri, problemləri ilə bağlı Eldar Namazov həmişə anti-Azərbaycan mövqeyində olub. Onun bütün fəaliyyətindən bəllidir ki, o, heç vaxt Azərbaycanın milli maraqlarını müdafiə etməyib. Hansısa xarici qüvvələrin maraqlarının müdafiəçisinə çevrilib və daim də ara qarışdırmaqla məşğul olub. Səhv etmirəmsə, Şahnazaryan 90-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri işləyib və onun da fəaliyyəti Azərbaycan əleyhinə materiallar toplayaraq müxtəlif instansiyalara ötürməkdir. Eldar Namazov kimiləri də birbaşa onun material verənləridir”.

Hazırda Avropada səfərdə olan Eldar Namazov isə məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu sənəd Azərbaycan xalqının maraqlarını əks etdirir: “Azərbaycan xalqının marağı əleyhinə olan hər hansı sənədə imza atılmasından söhbət gedə bilməz”.  musavat.com  /

 

Google+ WhatsApp ok.ru