Elman Rüstəmovdan devalvasiya olmayacaq vədi-inanaqmı?

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov yenə manatın məzənnəsi barədə danışıb. Baş bankir bu dəfə də manatın məzənnəsinin sabitliyi barədə fikir bildirib. Onun sözlərinə görə, manat ilin sonuna qədər sabit məzənnədə olacaq: “Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur”.
 
“Report”un xəbərinə görə, E.Rüstəmov qeyd edib ki, hamını manatla bağlı proqnoz maraqlandırır: “Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də ”üzən məzənnə" rejimində öz dayanıqlığını axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır". O bildirib ki, ilin əvvəlindən indiyə kimi Mərkəzi Bankın valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: “Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq”. Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur. 
 
Ekspert Fikrət Yusifov isə musavat.com-a açıqlamasında manatın sabitliyinin iqtisadiyyata təsirlərini açıqlayıb. Onun sözlərinə görə, manatın məzənnəsinin sabitləşməsi bütövlükdə maliyyə sistemimizin sabitləşməsi üçün çox önəmli amildir: “Son zamanlar bütün səviyyələrdə qəbul edilən qərarlar nəticə etibarı ilə iki kəskin devalvasiyadan sonra manat ətrafında yaranmış bir inamsızlığı praktik olaraq tədricən aradan qaldırır. Belə ki, əmanətlərin yüz faiz sığortalanması ilə bağlı qəbul edilmiş sərəncam, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, Mərkəzi Bankın bu bazarlara nəzarət sahəsində bir çox funksiyalarının bu palataya verilməsi buna sübutdur. Bu, o deməkdir ki, artıq dövlət səviyyəsində bu bazarlara nəzarət daha ciddi şəkildə həyata keçiriləcək. Yəni həyata keçiriləcək ki, bir daha manat ətrafında baş vermiş, pul kredit sistemində baş vermiş olayları yaşamayaq. Manatın məzənnəsinin bütünlükdə sabitləşməsi o deməkdir ki, manata olan inam getdikcə artacaq. Bu proses də artıq baş verib”. 
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın son açıqlaması onu göstərdi ki, artıq insanlar banklara əmanətləri yatırmağa daha çox meyl edirlər: “Bu sahədə artıq artım var. Banklarımız daha böyük manat resursları əldə edib və nəticə etibarı ilə manatda olan kreditlərinin verilməsi üstünlük təşkil edəcək. Digər tərəfdən, manatın sabit olması daha ciddi investisiya layihələrinin reallaşdırılmasına, iş adamlarını çəkinmədən yatırım etməyə, real sektorda, qeyri- neft sektorunda ayrı-ayrı layihələri reallaşdırmağa daha çox həvəsləndirəcək. Daha çox inamlı edəcək. Manatın sabit olması bütövlükdə iqtisadiyyatımızın sabit olması anlamına gəlir. Belə ki, milli valyuta sabit olan yerdə eyni zamanda xarici kapitalın ölkəyə axını çox məmnuniyyətlə edilir. Yəni xarici investorlar məmnuniyyətlə ölkəyə gələcəklər. Yəni burada tək bir məsələnin həlli baş vermir. Manatın sabitliyi ilə bütövlükdə nəticə etibarı ilə ölkə iqtisadiyyatının sabitliyi əldə olunacaq. Son dövrlərdə dünya bazarlarında neftin qiymətlərində artım, digər tərəfdən, manatın daha sabit olacağına ciddi əsas yaradır. Bir sözlə, manat sabit olarsa, bu, iqtisadiyyat sabit olacaq deməkdir. Manatın sabitliyi iqtisadiyyatın sabitliyi anlamına gəlir. İqtisadiyyat sabit olarsa, ölkədə maliyyə durumu sabit olacaq, dövlət qarşısına qoyduğu sosial proqramları yüksək səviyyədə icra edə biləcək. Bunlar hamısı zəncirvari qaydada bir-biri ilə bağlı olan məqamlardır”.
 
Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, manatın sabitliyi ilə bağlı fikirlər doğru deyil: “Hesab edirəm ki, ümumiyyətlə bu bəyanat qeyri-ciddidir. Çünki Elman Rüstəmov orada belə bir ifadə işlədib ki, manatın məzənnəsi neftin qiymətindən deyil, Neft Fondumuzun gəlirlərindən asılıdır. Yəni sual oluna bilər ki, bəs Neft Fondunun gəlirləri nədən asılıdır? Aydın məsələdir ki, Neft Fondunun gəlirləri neftin qiymətindən asılıdır. Əlbəttə, Neft Fondunun müəyyən cüzi bir gəliri var ki, o, mövcud ehtiyatların idarəedilməsindən əldə olunan gəlirdir. Elə böyük rəqəm deyil. Neft Fondunun gəliri neftin qiymətindən və neftimizin hasilatından asılıdır. Neftimizin hasilatının həcmi düşüb. Bunu Elman Rüstəmov hətta öz doktorluq əsərində, yəni dissertasiyasında qeyd edib. Rusiyada müdafiə etdiyi dissertasiyasında yazıb ki, Azərbaycanda neft hasilatının pik həddi 2011-ci ildə olacaq. Ondan sonra hasilat düşə-düşə gedəcək. Neftin qiymətinin də artımı ciddi şəkildə yoxdur. Belə şəraitdə Elman Rüstəmovun manatın məzənnəsinin Neft Fondunun gəlirlərindən asılı olmasını deməsi düzgün deyil. Digər tərəfdən də bəyanatda belə deyib ki, indiki iqtisadi vəziyyət belə deməyə əsas verir. İqtisadi vəziyyətimiz isə göz qabağındadır, iqtisadi vəziyyət pisləşir, iş yerləri bağlanır. Yəni ötən il ölkəmizin ticarət balansı, tədiyyə balansı müsbət idi, artıq mənfidir. Bu amil də var. Bilmirəm baş bankir nəyə əsasən o cür bəyanatlar verir. Amma prinsipcə, devalvasiyanın olmayacağını deyəndən dərhal sonra devalvasiyaya gedən şəxsdən başqa söz gözləmək də olmaz". (musavat.com)
 

Google+ WhatsApp ok.ru