Şeyxin pulunu kəsib Mübariz Qurbanlıya verdilər

Siyasi hakimiyyətdən QMİ sədrinə növbəti zərbə; Müsəlman dini icmalarına nəzərdə tutulan 2,5 milyon manat yardım Dini İdarədən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi, Şeyxülislamın hakimiyyət daxilində mövqeləri sürətlə zəiflədilir; Paşazadələrin reaksiyası necə olacaq...

 

Xəbər verdiyimiz kimi, noyabrın 29-da ölkə prezidenti İlham Əliyev dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycanda dini icmalara maliyyə yardımı haqda sərəncam imzalayıb. Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Bu xəbərdə ilk baxışda qeyri-adi nəsə yoxdur. Demək olar ki, dövlət başçısı yerli dini icmalara maliyyə dəstəyi ayırır.
Ancaq bu sərəncamda diqqət çəkən məqam dini icmalara maliyyə yardımının məhz Dini Komitəyə həvalə olunması idi. Məsələ burasındadır ki, əvvəlki illərdə müsəlman dini icmalarına maliyyə yardımı Qafqaz Müsəlmanları İdarəsinin əli ilə paylanırdı.
Məsələn, 2013-cü il fevralın 2-də Azərbaycan prezidentinin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. Qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-islam təmayüllü icmaların hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb. 400 min manat qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb.
Göründüyü kimi, 1 il əvvəl dini icmalara maliyyə yardımı iki fərqli instansiya vasitəsilə verilib. Müsəlman dini icmalarına yardım QMİ-yə verilib və 2 milyon manat məbləğində olub. Qeyri-İslam təmayüllü icmalara yardım isə DQİDK xətti ilə yayılıb, məbləğ isə 400 min manat olub. Ancaq bu ilin noyabrında ölkə başçısı hər iki məbləği və istiqaməti cəmləşdirərək Dini Komitəyə ayırıb.
 
 
Yəni Azərbaycandakı bütün dini icmalara maliyyə yardımını DQİDK paylayacaq. Yeri gəlmişkən, burda “paylamaq” sözü bir qədər şərtidir. Çünki daha əvvəl QMİ-nin hansısa müsəlman icmasına maliyyə ayırması ilə bağlı məlumat verilməyib. Bu məbləğin dini icmalara hansı formada veriləcəyi də hələlik aydın deyil. Daha əvvəl DQİDK-nın qeyri-islami icmalara birbaşa maliyyə yardımı etməsi faktı olsa da, indi bütövlükdə həm müsəlman, həm də qeyri-müsəlman icmalara bu pulların necə xərclənəcəyi hələlik açıqlanmayıb.
 
 
Lakin bu faktın ən maraqlı məqamı müsəlman dini icmalarına maliyyə yardımının QMİ-dən alınaraq DQİDK-ya verilməsidir. Doğrudur, ölkə başçısı bu ilin yanvarında QMİ-yə 3 milyon manat ayırıb. Bu məbləğin haqqında heç bir bilgi olmayan dini mərkəz üzərindən QMİ-yə ayrılması hökumətin şeyxülislamın ölkədə keçirdiyi dini konfrans və tədbirlərin təşkilinə dəstəyi hesab olunurdu.
 
Ancaq indiki halda dini icmalara ayrılan vəsaitin Dini İdarədən alınması son aylarda özünü göstərən QMİ-DQİDK savaşının nəticəsi və ya belə demək mümkünsə, hakimiyyətdəki rəqiblərinin Şeyxə zərbəsi kimi qiymətləndirilir.
Doğrudur, hazırda Dini İdarənin maliyyə imkanlarını və nəzarətindəki biznes sahələrinə diqqət etsək, o zaman 2 milyon manat o qədər də böyük məbləğ hesab oluna bilməz. Bu mənada söhbət yalnız məbləğdən yox, din sahəsində fəaliyyətlərin son aylarda tədricən Şeyxin nəzarətindən çıxarılması cəhdlərindən gedir.
 
Bu barədə daha əvvəl də yazmışdıq ki, hakimiyyətdə Şeyxin ciddi rəqibləri var və son zamanlar din sahəsində QMİ sədrinin mövqelərinə güclü zərbələr məhz bu qrupdan gəlir. Bir neçə ay əvvəl Şeyxin, necə deyərlər, başı üzərindən “ehsan qadağası” göstərişi yayıldı. Bu göstərişin konkret kim tərəfindən verildiyi məlum olmasa da, sonradan bəlli oldu ki, prosesdə Şeyxin rəyi ilə kimsə maraqlanmayıb. Və gözənildiyi kimi, o da bu qadağaya müqavimət göstərdi.
Oktyabrda isə Dini Komitənin ölkədə dini maarifçilik sahəsində fəaliyyət göstərəcəyi haqda məlumatlar yayıldı. Məlum oldu ki, DQİDK sədri yanında müstəqil ilahiyyatçıların təmsil olunacağı İctimai Şura yaradılır. Hətta ilahiyyatçılarla komitə sədri arasında bir dəfə belə bir görüş keçirilib.
Daha əvvəl dini maarifçilik sahəsinin QMİ-yə aid olduğu və dövlətin dini proseslərə müdaxilə etmədiyi, yalnız nəzarət etməsi ilə bağlı fikirlərin ziddinə olaraq komitənin dini maarifçilik sahəsinə daxil olması Şeyxin nüfuz dairəsinə müdaxilə kimi qiymətləndirildi...
Hesab olunur ki, iqtidardakı rəqibləri Şeyxin mövqelərini zəiflətməyə çalışır. Lakin onun sıxışdırılmasının arxasında dayanan səbəb heç də din sahəsindəki passivliyi ilə bağlı deyil. Daha ciddi səbəb şeyxülislamın biznes imperiyası və ətrafında formalaşdırdığı gücdür - hansı ki, hakimiyyət içərisində ona qarşı ciddi rəqiblərin yaranmasına səbəb olub. Bildirilir ki, Şeyxin ölkə ərazisində böyük biznes şəbəkələrinin olması, Bakıda və cənub bölgəsində ciddi vəsaitlərlə ölçülən əmlakının, şirkətlərinin mövcudluğu hökumət qurumlarında, Milli Məclisdə adamlarını yerləşdirməsi iqtidardaxili qrupları narazı salır. Bu səbəbdən Şeyxi hər fürsətdə, aşkar ya da gizli şəkildə vururlar.
Amma bu dəfə onu təkcə vurmurlar, həm də nüfuzunu zədələyib hörmətdən salırlar.
Bu prosesə Şeyxin reaksiyası maraqlı olacaq. Xatırladaq ki, ehsan qadağasına Paşazadələrin reaksiyası çox kəskin olmuşdu. Qardaşı, Milli Məclisin deputatı Cavanşır Paşazadə bu qadağaya olduqca əsəbi münasibət bildirmişdi. O, sözügedən qadağanı 37-ci il repressiyaları ilə müqayisə etmişdi. Həmçinin deputat dolayısı ilə nazirlərin nəzarətində olan şadlıq evlərinə, restoranlara da toxunmuşdu. Deputat demişdi ki, nə üçün toyxanalar tam gücü ilə fəaliyyət göstərdiyi halda, ehsan mərasimlərinə qadağa qoyulur. musavat /

Google+ WhatsApp ok.ru